Kredit faizləri aşağı düşəcək?!

15 Fevral 2018 09:00 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək. Bu fonda həmçinin kreditlərin ucuzlaşması məsələsi də gündəmə gəlir.  

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, 2018-ci il əvvəlki illərə nisbətən iqtisadiyyatda dirçəliş ili kimi gözlənilir: “Məlumdur ki, devalvasiyadan sonra iqtisadiyyatda durğunluq formalaşdı. Həmin dövrdə yüksək inflyasiya ehtimalı yaranmışdı. Bu səbəbdən də Mərkəzi Bank uçot dərəcəsini artırmaqla yanaşı, faiz dəhlizini də müəyyən səviyyədə saxlayırdı. 
Hazırkı qərar iqtisadiyata investisiya qoyuluşunun təşviqinə yönəlib. 2017-ci ilin sonunda dövlət zəmanətli kreditlərin verilməsi məsələsi önə çıxdı. Həmçinin müəyyən faizlərin dövlət tərəfdən ödənilməsi ilə bağlı qərar verilmişdi. Hətta 2018-ci ilin dövlət büdcəsində böyük bir məbləğin sırf iqtisadiyyata qoyuluşuna istiqamətlənib. Həmçinin «Azərbaycan Sənaye» ASC-nin yaradılması ilə bağlı Prezidentin fərmanı olub. Bunların hamısı göstərir ki, 2018-ci ildə iqtisadiyyata böyük həcmdə investisiyanın qoyuluşu gözlənilir. Bu fonda bankların maliyyə təminatının gücləndirilməsi qərarı verilib. Bu qərar növbəti dövrlərdə də uçot dərəcəsinin aşağı düşməsinə işarə ola bilər”. 
Digər iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, Mərkəzi Bankın uçot dərəcəsini endirməsi çoxdan tələb edilirdi: “Özü də bunu əhəmiyyətli dərəcədə etmək lazım idi. Təəssüf ki, AMB sözügedən addımı indiyədək atmaqda tələsməməklə yanaşı, 2 %-dən artıq endirimə getmədi. Bu isə onu göstərir ki, Mərkəzi Bank mövcud makroiqtisadi durumdan hələ də kifayət qədər rahat deyil. Bu da təbiidir. Belə ki, neftin 2014-cü ildən bəri ucuzlaşması prosesindən Mərkəzi Bank az itirmədi. Mərkəzi Bank 15 milyard dollardan çox rəsmi valyuta ehtiyatları həcmindən keçən ilin əvvəlinə 4 milyarddan da aşağı səviyyəyədək itki verdi. 2017-ci ildə bu tendensiya dayandı və əks proses başladı. Ancaq tam bərpa məsələsi üfüqdə görünmür. Yəni, AMB-ni bir çox amillərə görə çox da qınamaq olmur. 
Bununla belə əgər, cəmi 2 faiz endirim ediləcəkdisə, bunu xeyli əvvəl də həyata keçirtmək olardı. Çünki onsuz da bizdə kreditlər üzrə uçot dərəcəsinin kommersiya bankları tərəfindən təklif olunan kreditlərin qiymət səviyyəsinə təsir həddi o qədər də hiss edilmir. Bu, əvvəlki dövrlərdə də indi də belədir. Üstəlik, hazırda ölkədə kreditlərə tələbat da minimum səviyyədədir. Hələ bununla belə, faiz dərəcələri aşağı düşmür. AMB-nin cəmi uçot dərəcəsini  2%-lik endirimi kreditləşdirməni necə ucuzlaşdıra bilər?”. 
Mübariz BAYRAMOV