Ermənilərin Ermənistan əndişəsi dərinləşir

15 Fevral 2018 09:50 (UTC+04:00)

Azərbaycan Prezidentinin tarixi torpaqlarımız olan İrəvan, Zəngəzur, Göyçə barədə YAP-ın qurultayında dedikləri Ermənistanda əsl ajiotaj yaradıb. Burada hesab edilir ki, Azərbaycan strateji hədəflərinə nail olacaq. 

Buvaxtadək erməni mənbələri yüksək pafoslu çox materiallar dərc edib, çağırışlarda bulunub. Məsələ burasındadır ki, əsrlər boyu hamilərinin siyasətinə uyğun olaraq erməni məktəblərində, elmində və digər araşdırmalarda “Böyük Ermənistan” xülyası elə bir səviyyədə yazılıb ki, artıq bu ölkədə bütün bu böhtan, yalan və saxtakarlıqlara inanan nəsil yetişib və Azərbaycanın torpaqlarının ermənilərə aid olması barədə bəsit təsəvvürlərə yiyələnib. İndi bu nəsil regionun lider dövlətinin liderindən bütün bunlarının əksi olan həqiqətləri eşidəndə heyrətə gəlirlər. Axır ki, Ermənistanda artıq düşünməyə başlayıblar ki, Azərbaycandan səslənən bu fikirlərə ehtiyatla yanaşıb fikir söyləmək lazımdır. Çünki, yaxşı bilirlər ki, deyilən sözlər atılmış boş gilizlər yox, döyüş başlıqlı güllələrdir. Gün gələr, deyilən sözlər yerinə yetirilər və İrəvanın yiyəsi yurduna qayıdar.
Ermənistanın «1in.am» informasiya portalının dərc etdiyi məqalədə deyilir: “Bizim hakimiyyət bir məsələni təkidlə inkar edir ki, Prezident İlham Əliyevin özünə güvənməsinin mənbəyi, yumşaq desək, bizim dövlətimizin biabırçı vəziyyətdə olması, dağıdıcı mühacirətdir... Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq. Əliyevin çıxışının həyəcan doğuran tonu bizim hakimiyyətin nümayəndələrinin qulağına nə qədər xoş gəlməsə də, praqmatik siyasi əsasa malikdir. Bu, boşalan Ermənistan dövlətinin institusional və perspektiv iflasa uğramasıdır. Ermənistanın hakimiyyət orqanlarının nümayəndələri bir aşkar faktı – özlərinin siyasətinin açıq-aydın fiaskosunu gizlətmək məqsədilə dünəndən başlayaraq qılınclarını yellədirlər”.
Məqalədə daha sonra qeyd edilir ki, Ermənistan dövlətinin davamlı tənəzzülü milli gündəliyin və idealların olmamasına dəlalət edir: “Bizim vəzifəmiz Azərbaycan Prezidentinin kölgəsini qılınclamaq deyil, inkişaf strategiyası və gələcək barədə təsəvvür formalaşdırmaqdır”. Bu sözlər ermənilərin qormağa başladıqlarının əlamətidir. Onlar başa düşürlər ki, daha hamilərinin hesabına “guruldadıqları” 90-cı illər arxada qalıb. Artıq arxalarında durub onları təhrikləndirən dövlətlər də Azərbaycanı sıxışdırmaqda acizdirlər. Ermənistan təklənib, onun Azərbaycan qarşısında duruş gətirmək imkanı yoxdur. Nə isə başqa çarə tapmaq gərəkdir. 
Bir qrup erməni bütün günahları hazırkı prezident Serj Sarkisyanın hakimiyyəti zəbt etmiş cinayətkar komandasında görür. Buna görə də Serjin növbəti seçkilərdə prezident postuna namizəd göstərdiyi Armen Sarkisyan, “İrs” partiyası üzvlərinin fikrincə, baş nazir postunada daha yaxşı işləyər. Söhbət əslində Armenin bacarığından yox, Serjin ümumiyyətlə siyasi səhnədən çəkilməsindən gedir. Çünki, onun dövründə ölkədə korrupsiya son həddə qədər artıb, 15 milyard dollardan çox vəsait xaricə çıxarılıb, əhalinin kasıb təbəqəsi ümumi sayda 30 faizə yüksəlib, xarici borc ÜDM-ni bir neçə dəfə üstələyib. Xalq çıxış yolunu S.Sarkisyanın hakimiyyətdən birdəfəlik uzaqlaşdırılmasını istəyir. O isə hələ baş nazir olub yenə də cinayətkar əməllərini davam etdirmək arzusundadır. Bu yandan da Azərbaycanın hücumameyilli mesajları ermənilərdə nəinki ajiotaj, böyük çaşqınlıq yaradıb. 
Azərbaycan prezidentinin dediyi “Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur”. Bu, saxta erməni tarixçiliyinin yalanı deyil. Yüksək tribunadan aydın deyilmiş ciddi fikir, hamının gördüyü reallıqdır. Müasir həqiqətlər fonunda ictimaiyyəti aldatmaq mümkün deyil. Prezident İlham Əliyevin cəsarətli və kreativ regional siyasəti ona gətirib çıxarıb ki, Ermənistanla heç kim, hətta uzun illər ermənilərin xilaskarı olmuş İran da onlarla işləmək niyyətində deyil. Çoxdandır ki, ermənilər İrandan çəkiləcək dəmiryol xəttini səbirsizliklə gözləyirlər. Ənənəvi erməni bicliyi ilə onlar bu yükü iranlıların çəkməsini istəyirdilər. Amma qonşularının müftəxorluğundan cana yığılan İranın nazir müavini bu günlərdə İrəvanda rəsmi şəkildə elan edib ki, “biz Ermənistana dəmiryol xəttinin çəkilməsinə tərəfdarıq. Ancaq bunun üçün siz də gərək bu işə qol qoyan investor tapasınız”. Bu, əslində “yox” deməkdir, ona görə ki, yolun çəkilməsinəminimum 2 milyard dollar vəsait lazımdır. Bu pul Ermənistanda yoxdur və yaxın gələcəkdə dəolmayacaq. Üstəlik, heç bir ağıllı investor havayı yerə pul xərcləmir. İnnovativ olmayan layihəni indi kim maliyyələşdirər? Təbii ki, heç kim. Həm də Azərbaycan və İran birlikdə “Şimal-Cənub” nəqliyyat dəhlizini yaradırlar. Bundan sonra heç bir perspektivi olmayan Ermənistana dəmiryol xəttini çəkməyin nə mənası var?
Hadisələrin həm iqtisadi, həm də siyasi məcrada bu cür cərəyan etməsi onu sübut edir ki, bir gün azərbaycanlıların tarixi İrəvan şəhərinə qayıdacaqları arzu yox, sərrast deyilmiş reallıq olacaq. Erməniləri də narahat edib həyəcanlandıran budur.
N.NOVRUZ