orluqda seçki ilə əlaqədar İşçi Qrupu yaradılıb

15 Fevral 2018 16:59 (UTC+04:00)

“Azərbaycanda hüquqi dövlətin bazası möhkəmləndirilib. Ölkədə mövcud olan siyasi sabitlik, demokratik prinsiplər seçkilərin şəffaf şəraitdə keçirilməsinə tam imkan verir”. 

Movqe.az-ın məlumatına görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminliklə deməyə əsas verir ki, qarşıdakı prezident seçkiləri də əvvəlki seçkilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək: “Ölkədə prokurorluq orqanları seçkilərin keçirilməsində qanunçuluğa əməl edilməsinə nəzarət edir. Bu prosesdə qanuna ziddi hərəkətə yol verənlərin məsuliyyətə cəlb olunması əsas məsələlərdəndir. Qanunvericiliyi pozanlar ciddi şəkildə cəzalanacaqlar”.

R.Usubov əlavə edib ki, Azərbaycanda keçirilən seçkilərdə ən çox şikayət bələdiyyə seçkiləri zamanı daxil olub: “Bu da həmin seçkinin daha kütləvi olmasıdır. 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına 6 müraciət daxil olub. Bu şikayətlər üzrə də müvafiq addımlar atılıb. Əvvəlki seçkilərdə bəzi nöqsanlar olub, amma son illərdə qanun pozuntularına yol verilmir”. 

Baş Prokurorun müavini bildirib ki, seçkilərin gedişinə qanunsuz müdaxiləyə yol verilməyəcək: “Buna yol verənlərlə bağlı cəzalar Cinayət, İnzibati Xətalar məcəlləri ilə tənzimlənir. Hər bir kəs qanunvericiliyə əməl etməlidir. Bu dövlətin tədbiridir, hamımız vicdanla, namusla çalışmalıyıq. Elə olmalıdır ki, seçki bitəndən sonra üzümüz ağ, alnımız açıq bir-birimizin üzünə baxa bilək”.

Rüstəm Usubov, həmçinin qeyd edib ki, prezident seçkiləri ilə əlaqədar Baş prokuror Zakir Qaralovun sərəncamı ilə Baş Prokurorluqda İşçi Qrupu yaradılıb: “İşçi qrupuna mən rəhbər təyin edilmişəm. İnşallah, seçki prosesi qanun pozuntularına yol verilmədən keçiriləcək”.