LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
28 Mart 2013 08:00 (UTC+04:00)
Bu gün dünya miqyasında Azərbaycanı fərqləndirən əsas cəhət ölkənin
sosial-iqtisadi inkişaf tempinə görə dünyada liderlər cərgəsində
yer almasıdır. Azərbaycan həyata keçirdiyi islahatlarla, qeyd
olunan istiqamətdə qazandığı uğurlarla beynəlxalq miqyasda ön
sıralarada yer alan dövlətlərdən biri kimi xarakterizə olunur.
Ölkənin sürətli inkişafı hər bir vətəndaşın həyatında da öz əksini
tapır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu
daxili və xarici siyasəti nəticəsində ölkəmiz günü-gündən
çiçəklənir, qüdrətlənir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt bu gün
müasir tələblərlə tam səsləşərək davam etdirilir. Ölkə başçısının
qarşıya qoyduğu vəzifələrin vaxtında və dəqiq yerinə yetirilməsi
üçün bütün lazımı tədbirlər yüksək səviyyədə həyata keçirilir. Eyni
zamanda yaşanan tərəqqi regionlarda da özünü qabarıq büruzə verir.
2009-cu ilin aprel ayının 14-də Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə təsdiq edilmiş " 2009-2013-cü illəri
əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
ikinci mərhələsi respublikanın bütün bölgələrində uğurla icra
edilir. "2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"na uyğun olaraq Qobustan rayonunda da xeyli sayda
işlər görlüb. Qədim tarixə, əlverişli coğrafi mövqeyə malik
rayonlardan biri olan Qobustan günü-gündən gözəlləşir, abadlaşır.
Aparılan məqsədyönlü siyasətin nəticəsində qısa vaxt ərzində
Qobustan rayonunda xeyli iş görülüb. Qobustan şəhərində, qəsəbə və
kəndlərdə, magistaral yolların kənarlarında, küçə və meydanlarda,
parklarda, ictimai yaşayış binalarının həyətlərində təmizlik,
abadlıq, səliqə-sahman işləri aparılır, yaşayış və ictimai
binaların xarici görünüşü daha da gözələşdirilir, yeni yaşıllıqlar
salınır.
Sosial-iqtisadi sahədə də mühüm nəticələrə imza atılır. Qobustan
rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları da bunu
təsdiq edir. Məlumat üçün bildirək ki, keçən il rayonda ümumi
məhsul buraxılışı 2011-ci ilə nisbətən 2012-ci ildə 36,7 faiz, o
cümlədən sənaye məhsullarının həcmi 38,8 faiz, kənd təsərrüfatında
isə 18,8 faiz artıb. 2012-ci ildə ümumi məhsul buraxılışının həcmi
2011-ci ilə nisbətən 37 milyon 489 min manat artaraq 101 milyon 805
min manata çatıb. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd
təsərrüfatında bu göstərici 44 milyon 799,6 min manat, sənayedə 10
milyon 8,5 min manat təşkil edib. Tikintidə iş və xidmətlərin
həcmi, nəqliyyat, ticarət və sair sahələrdə də uğurlu nəticələr
əldə edilib. Hesabat dövründə 57 min 610 ton və ya adambaşına 1,4
ton taxıl istehsal edilib ki, bu, əvvəlki ildəki göstəricidən 49,9
faiz çoxdur. Ümumiyyətlə, taxılçılıqda keçən il rayon tarixində ən
yüksək göstəriciyə nail olunub. Hesabat dövründə inişilkinə
nisbətən ət istehsalı 2,9 faiz artaraq 5259,9 tona, süd istehsalı
12,2 faiz artaraq 16885 tona, yumurta istehsalı 2,6 faiz artaraq
7,2 milyon ədədə, yun istehsalı isə 0,9 faiz artaraq 340,4 tona
çatıb. Qobustanda son illərdə arıçılıq da surətlə inkişaf
etdirilir. Hazırda rayonda 1231 arı ailəsi bəslənilir. Arıçılıqla
məşğul olan sahibkarların sayı artır və təbii ki, bu, bölgədə bal
istehsalının diqqətəlayiq dərəcədə çoxalmasına səbəb olur. Ötən il
Bakıda təşkil olunan bal yarmarkasına qobustanlılar 500 kiloqram
məhsul çıxarıblar. Rayonun Xilmilli, Cəyli, Nabır, Təklə və bir
sıra digər kəndlərində, habelə Qobustan şəhərində arıçılıqla məşğul
olan sahibkarların sayı daha çoxdur.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması sahəsində də xeyli
işlər görülüb. Belə ki, 2011-ci ildə ayrılmış 2 milyon və 2012-ci
ildə ayrılmış 5,3 milyon manat vəsait hesabına 13 min nəfər sakinin
yaşadığı 6 kəndi rayon mərkəzi ilə birləşdirən, ümumi uzunluğu 23
kilometr olan Qobustan-Xilmilli yolu əsaslı təmir edilib. Habelə,
Qobustan-Təklə-Mirzəbaba, Ərəbşalbaş yollarına, şəhərdaxili yollara
asfalt örtük çəkilib. Təhsil, səhiyyə sahələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, əhalinin normal elektrik enerjisi,
təbii qaz və su təchizatı ilə əlaqədar həyata keçirilən layihələr
də mühüm uğurlara yol açır. Onu da qeyd edək ki, görülmüş tədbirlər
nəticəsində 2012-ci ildə rayonda 2237 yeni iş yeri açılıb ki,
bundan 782-si daimidir. Ötən ay isə Qobustan rayonunun ən iri
yaşayış məntəqələrindən olan Bədəlli kəndində qazlaşdırma işlərinə
başlanılıb. 1150 nəfərin yaşadığı Bədəllidə artıq kənddaxili qaz
kəməri Bu il Bədəlli kəndindən başqa daha 5 kənd yaşayış
məntəqəsinə təbii qaz veriləcək. Poladlı, Yekəxana, Təsi, Sədəfli
və Şıxzahirli kəndlərinin qazlaşdırılması ilə əlaqədar layihə-smeta
sənədləri hazırlanıb.
Rayonun qədim yaşayış məskənlərindən biri olması isə onun turizm
potensialını daha da artırır. Yeri gəlmişkən qeyd edək ki,
-Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Bakıdan cənubda, böyük Qafqaz
sıra dağlarının cənub-şərq yamacı ilə Xəzər dənizi arasındakı
düzənlik ərazidə yerləşir. 537 hektar ərazini əhatə edən qayaüstü
rəsmlərdən ibarət mənzərə bu ərazinin bir hissəsini təşkil edir.
Əvvəlcə turistləri keçən ilin martında açılmış yeni muzeylə tanış
edirlər. Muzeyin informasiya mərkəzində qonaqlar sensor ekrandan
istifadə edərək müxtəlif dillərdə geniş informasiya ala bilərlər.
Muzeyin on iki zalı innovasiya texnologiyası, interaktiv stendlər,
3D video və başqa avadanlıqla təchiz olunub. Sensor ekranda
minilliklər ərzində Xəzər dənizində baş vermiş dəyişiklikləri əks
etdirən animasiya təsvirlərini müşahidə etmək, Qobustanın təbiəti,
florası barədə məlumat almaq olar. İnsan qalıqları, daşlar, çini
qablar, tarixəqədərki dövrün modabazlarının bəzək əşyaları və
arxeoloji qatlardan tapılmış digər eksponatlar maraq doğurur.
Buradakı "Zamana səyahət" zalında turistlər ilkin dövrdən
başlayaraq Qobustanda baş vermiş böyük təbii dəyişiklikləri,
dünyada insan düşərgələrinin coğrafiyasını görə bilərlər.
Qoruğun ərazisində həmçinin 3D formatında virtual video-uçuş da
etmək olar. Qobustan abidələri iki qrupa bölünür: qayaüstü
təsvirlər, qədim düşərgələr və digər obyektlər. Qobustanın
Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ və Şıxqaya dağlarındakı
qayaüstü təsvirlər, insan düşərgəsi, qəbirüstü abidələr və s. daş
dövründə və sonrakı dövrlərdə regionun sakinləri barədə məlumat
verir. Burada, həmçinin qədim dövrə aid böyük dairəvi tikililərin
qalıqları da vardır. Qayalıq yaylanın üç hissəsində rəsmlər
tapılmışdır, burada aşkara çıxarılmış mağaralar, məskən və sərdabə
izləri üst paleolit dövrü ilə orta əsrlər arasındakı dövrdə bu
ərazidə insanların sıx yaşadıqlarını göstərir.
Qoruğun ərazisində ilk arxeoloji qazıntılar XX əsrin 30-cu
illərində başlanıb. 1939-1940-cı illərdə Azərbaycan arxeoloqu İshaq
Cəfərzadə burada təqribən 3500 qayaüstü təsvir, rəsm və nişan,
habelə qayalarda əl ilə açılmış oyuqlar, dəliklər və s. aşkar edib.
Qobustanda mezolit dövründən orta əsrlərədək yaradılmış təqribən
6000 rəsm vardır. Rəsmlərə əsasən mağaralarda və qaya parçalarında
rast gəlmək olar. Onların arasında ov, ritual rəqs, əkinçilik
səhnələri, müxtəlif heyvanlar, qayıqlar və rəmzi işarələr təsvir
edilib. Qobustan üçün həm kişi, həm də qadın təsvirləri
səciyyəvidir. Rəsmlərdə kişilər ox-kamanlı ovçu simasında, uca
boylu, qamətli, bellərində kəmər, möhkəm əzələli təsvir olunublar.
Yallı rəqsini çox xatırladan, iki cərgədə qrup şəklində ifa olunan
ritual-mərasim rəqsi diqqəti cəlb edir. Böyükdaşda oyulmuş bu
səhnələr eramızdan əvvəl III-II minilliklərə aiddir.
Daşlarda qadınlar matrona, matriarxat dövrünün dayağı, həmçinin
döyüşçü qadın kimi təsvir olunublar. Belə ki, "Yeddi gözəl"
mağarasında incə belli, güclü ayaqları olan və arxasında kaman
daşıyan qadın təsvirləri görmək olar. Qobustanın qayaüstü
təsvirlərində son 25 min ildə burada yaşamış heyvanların - ceyran,
vəhşi keçi, maral, vəhşi donuz, at, şir və başqa heyvanların
rəsmlərini görmək olar. Qayalarda həmçinin quş, balıq, ilan,
kərtənkələ və müxtəlif həşərat təsvirləri vardır. Tunc dövründə
Azərbaycan ərazisində yaşamış tayfalar arasında günəşə sitayişin
geniş yayıldığı təsdiq olunur. Bu, Qobustan petroqliflərində də əks
olunub. Buradakı günəş işarələri kənarlarından şüalar çıxan və
çarpaz xətləri olan dairə şəklində təsvir edilib. Eramızdan əvvəl
II minilliyə aid rəsmləri - ucunda parlayan günəş diski olan qayıq
rəsmlərini günəş mifologiyası ilə əlaqələndirirlər. Roma yazısı -
İldırım sürətli XII legionun buraya gəlməsi haqqında yazı
turistlərin böyük marağına səbəb olur. Qobustanın Qavaldaşı da
turistlər üçün çox maraqlıdır. 2006-cı ildə Mədəniyyət və Turizm
Nazirliyi Qobustan nominasiyası üzrə idarəetmə və iş planı
hazırlayıb UNESCO-ya təqdim etmişdir. Həmin dövrdə Heydər Əliyev
Fondunun dəstəyi və onun prezidenti, UNESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban ƏIiyevanın təşəbbüsü ilə
UNESCO-nun baş direktoru Koişiro Matsuura qoruğa dəvət olunub. O,
Qobustan abidələri ilə tanış olmuş, UNESCO-nun, Abidələrin və
tarixi yerlərin qorunub saxlanması üzrə beynəlxalq şuranın
ekspertləri isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
planını bəyənərək qoruğu qiymətləndirmişlər. 2007-ci il iyunun
23-dən iyulun 2-dək UNESCO-nun Dünya İrs Komitəsinin Yeni
Zelandiyanın Kraystçerç şəhərində keçirilmiş 31-ci sessiyasında
Qobustanın qayaüstü rəsmlərindən ibarət mədəni abidə Ümumdünya irsi
obyektləri siyahısına daxil edilib. Rayonda digər sahələr üzrə də
dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap
olunub.