Daşınmaz əmlak bazarında ucuz mənzillər peyda ola bilər

29 Mart 2013 07:26 (UTC+04:00)

Məlum həqiqətdir ki, hazırda cəmiyyətdə özünü qabarıq formada göstərən problemlərdən biri də mənzillə təminat məsələsidir. Hazırda ölkədə tələbatı tam təmin etmək üçün yetərli qədər mənzil yoxdur. Aparılan hesablamalara görə, 2012-ci ildə ölkəmizdə 1 milyon 750 min kvadratmetrlik yaşayış evləri tikilib.

Bunun da 113 min kvadratmetri qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulub. Bu isə 2011-ci ilin anoloji rəqəmilə müqayisədə 13,5 faizə qədər azalma deməkdir. Onu da qeyd edək ki, bu tendensiya özünü əvvəlki illərdə də göstərib. Belə ki, 2011-ci ildə də qabaqkı illə müqayisədə yaşayış mənzillərinin azalması baş vermişdi. Belə bir vaxtda əksər tikinti şirkətlərinin fəaliyyətini zəiflətməsi, yeni inşa edilən mənzillərin sayının azalması isə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən ekspertlər hesab edir ki, mənzil inşasını dövlət təkcə özəl sektora həvalə etməməlidir.

Hesab olununr ki, dövlətin özü tərəfindən tikinti şirkəti yaradılmalı və özəl sektorla müqayisədə daha ucuz olan mənzillər inşa edilib əhaliyə təklif olunmalıdır. Qeyd edək ki, bir müddət əvvəl bel əbir təklif millət vəkili, YAP icra katibinin müavini Mübariz Qurbanlı tərəfindən gündəmə gətirilmişdi.

Deputat etiraf edirdi ki, hazırda Azərbaycan əhalisinin əksəriyyətinin mənzil problemi var: "Bu sahədə ciddi addımlar atmalıyıq, problemi bütövlükdə ipoteka ilə həll etmək olmaz. Azərbaycanda mənzil tikintisi özəl sahəyə aiddir, bu, ədalətli deyil. Dövlət şirkət yaratmalı, bu şirkətin vasitəsilə yaşayış binaları tikilməli və həmin mənzillər uzun müddətə az məbləğ qarşılığında kreditə verilməlidir. İndi insanların əksəriyyəti kirayədə yaşayır. Onlar kirayə pulunu dövlətə kredit ödəyə bilərlər.

Bunun hər iki tərəfə faydası olardı". "Biz mənzil tikintisi sahəsində inqilab etməliyik" deyən deputatın sözlərinə görə, 1993-cü ildən əhali 2 milyon artıb, ona görə də gənclərin çox hissəsinin mənzilə ehtiyacı var: "Gənc kadrlar bir az işləyir, əmək haqqı onları qane etmir, buna görə də özəl şirkətlərə üz tuturlar. İnsan təhsilinə ayda 1700 dollar vəsait ödəyir, bura qayıdır, 300-400 manata işləmək məcburiyyətində qalır. Bu maaşla isə ev almaq mümkün deyil".

Digər tərəfdən bel əfikirlər də səslənir ki, ölkədə mənzillərin qiyməti həddən ratıq yüksəkdir və bu səbəbdən onun satış qiymətinin azaldılması üçün inzibati müdaxiləyə ehtiyac var. Hələlik isə mənzillərin satış qiymətinin yüksək olması imkanı çatan şəxslərin xaricdə daşınmaz əmlak almasına daha çox diqqət ayırmasına səbəb olur.

Artıq bir çox azərbaycanlılar artıq ölkə xaricində özünə mülk almağa müyəssər olublar və bu belələrinin sayı daima artır. Əlbəttə, xaricdə ev alan imkanlı şəxs və milyonçular ilə adi gəlirləri ortadan nisbətən yüksək olan vətəndaşlar ilə müqayisə etmək olmaz, birincilər üçün elit təbəqəyə məxsus daşınmaz əmlak almaq və bundan ötrü vəsait sərf etmək heç bir problem törətmir. Amma qeyd edək ki, onların hər ikisi Avropada mənzil almağa olduqca meyllidir və bu istək getdikcə daha da aktivləşir. Bunun əsas səbəbi isə hazırda Avropa İttifaqının yaşadığı iqtisadi böhrandır. Bu amil əcnəbiləri, o cümlədən azərbaycanlıları məhz belə ölkələrdə mənzil olmağa ruhlandırır - çünki qiymətlər burda qalxmır, əksinə aşağı düşür. İspaniyada azmərtəbəli yeni tikili binalarda sahəsi 60 kvadratmetr olan təmirli və mebellə təchiz edilmiş mənzili 60 min avroya almaq mümkündür.

Almaniyada da mənzil alan əcnəbilərin sayı artır. Bütün birləşmiş Avropa iqtisadiyyatını öz dəmir çiyinləri üzərində saxlayan bu ölkə daşınmaz əmlak inanılmaz dərəcədə ucuzdur. Böyük və mənzərəli şəhərlərdə Avropa meyarları ilə olduqca münasib qiymət hesab olunan 8-10 min avroya yaxşı mənzillər almaq mümkündür.