Plastik qabların yaratdığı fəsadlar böyüyür

30 Mart 2013 07:36 (UTC+04:00)

İnsan səhhəti üçün plastik qabların ciddi təhlükə mənbəyi kimi çıxış etməsi artıq bütün dünya miqyasında qəbul olunan birmənalı həqiqətdir. Alimlər bununla bağlı dəfələrlə həyəcan təbili çalsalar da dünya miqyasında plastik qablardan istifadə genişlənməkdədir.

Belə qabların geniş şəkildə istifadə olunduğu ölkələr sırasında Azərbaycan da yer alır. Ölkəmizdə məsələnin kifayət qədər narahatlıq doğuran tərəflərindən biri isə ondan ibarətdir ki, plastik qablardan təkrarən, özü də dəfələrlə istifadə edilir. Bu isə insan orqanizminə daha böyük zərər vurur. Qeyd olunan fonda aidiyyatı qurumlar tərəfindən sözügedən məsələyə daha geniş diqqət ayrılması və lazım gələrsə, plastik qablardan istifadəyə qadağa qoyulmasının vacibliyi bildirilir.

Yeri gəlmişkən qeyd edək ki, artıq Avropanın 12 ölkəsində plastik qablardan istifadə qadağan olunub. Xüsusilə ərzaq məhsulları üçün plastik maddələrdən istifadə edənlərə irihəcmli sanksiyaları tətbiq edilir. Azərbaycanda da bir sıra ictimai qurumlar plastik qablardan istifadənin qadağan edilməsi üçün hökumətə müraciət edib. Hələlik isə ölkəmizdə plastik qablaşdırma geniş istifadə olunur. Qablaşdırılmasında plastik maddələrdən istifadə olunan suları alırıq və hətta alıb plastik torbalarda daşıyırıq.

Birləşmiş Millətlər Təşkilatının ərzaq təhlükəsizliyi proqramına görə, Azərbaycan yeganə dövlətdir ki, plastik qablarda şoraba və ya turşu hazırlanır və saxlanılır. Sərinləşdirici içkilər, adi sular və müxtəlif qida məhsullarının qablaşdırıldığı plastmas qabların istifadəsi əslində bir dəfə üçün nəzərdə tutulub. Amma müxtəlif sular içildikdən sonra onların qabları atılmaq əvəzinə içərisinə cürbəcür ərzaqlar doldurulur. O cümlədən süd və süd məhsulları, müxtəlif turşu və şorabalar, ən çox da qışa saxlanılan üzüm yarpağı. Mütəxəssislər deyir ki, bu tip plastik qabların təkrar istifadəsi yolverilməzdir.

Yuxarıda qeyd olunduğu kimi Avropanın bir sıra iri dövlətlərində plastik qablardan istifadə qadağan olunub. Bir qrup amerikalı alimin araşdırmasına görə isə plastik qablarda saxlanılan qida məhsullarının qəbulu ciddi xəstəliklərə səbəb ola bilər. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonları da həmçinin insan sağlamlığı üçün həddən artıq dərəcədə təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edirlər ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Digər plastik qablar hazırlanan bir kimyəvi maddə isə fosgendir ki, bu maddənin ayrılaraq qidaya qarışması üçün isə soyuq qida məhsullarının təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabiliyyətinə malikdir. Həmçinin mütəxəssislər analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığını, butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər.

Türkiyəli professor Selma Çivinin sözlərinə görə, plastik qablardan çox istifadə edənlərdə özəlliklə qarın nahiyyəsində piylənmə artır. O, belə qablarda bisfenol A və flalein adlı maddələrdən istifadə edildiyini qeyd edib. Bəzən hətta körpələr üçün nəzərdə tutulan qablarda da bu plastikdən istifadə edilir. "Bu zərərli maddələr uşaqların bütün genetikasını dəyişə bilər. Bunun üçün də mümkün olduğu qədər plastik qablardan gündəlik həyatımızda az istifadə etmək lazımdır. Əvəzində şüşə və dəmir qablara üstünlük vermək olar". Mütəxəssis plastik qabların içərisində hər hansı mayeni dondurmamağı və istilətməməyi də məsləhət görür. Eyni şəkildə duzlu qidalarda plastikin tərkibində olan bisfonelin qidaya keçməsinə səbəb ola bilər.

Plastik qabların yandırılması isə daha ciddi təhlükələrə səbəb ola bilər. Bu problemin qarşısını almaq üçün belə qərar qəbul edilib ki, plastik qabların üzərində xüsusi işarə olmalıdır ki, bu da plastik qabların yalnız xüsusi qablara atılmalı olduğunu göstərir. Bu qabları zədələyib atmaq lazımdır. İstifadə edilmiş plastik qablar bəzi müəssisələr tərəfindən toplanır və təkrar emala göndərilir. Amma bu, problemin qarşısının alınması üçün ideal yol deyil. Plastik qablar emal olunaraq torbalar hazırlanır. Bu torbaların rənginin şəffaflaşdırılması mümkün olmadığından qara rəngə boyanır. Plastik qablar kimi səbəb ola biləcəyi xəstəliklər, problemlər də dövr edir. Azərbaycanda plastik qabların, torbaların istifadəsinin qadağan edilməsi üçün Azad İstehlakçılar Birliyi hökümətə müraciət edib. Alimlərin fikrincə, plastikdən tam imtina olunsa, oksigen məhvedici qazların və xəstəliklərin sayında böyük azalma müşahidə ouna bilər.