Davos Forumu bizə nə vəd edir?

29 Mart 2013 15:01 (UTC+04:00)
Məlumdur ki, cari ilin aprel ayının 7-8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçiriləcək. Bu barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edib. Forumun bu il ölkəmizdə keçirilməsini isə iqtisadçı ekspert Nicat Hacızadə Azərbaycanın uğuru olaraq qiymətləndirir: "Dünya İqtisadi Forumunda bu dəfə əsasən enerji təhlükəsizli, təbbi ehtiyatların qorunub saxlanılması, biznes mühiti, uzunmüddətli investisiyalar və insan kapitalı mövzularına toxunulacaq. Bu forumun Azərbaycanda keçirilməsi beynəlxalq müstəvidə Azərbaycanın imicinə verilən dəyərdir. Təbbi haldır ki, Azərbaycan enerji təhlükəsizliyi cəhətdən Avropa və bir sıra aparıcı dövlətlərin diqqətindədir. Ölkəmiz bundan əvvəl də neft-qaz sahəsində iri layihələri uğurla reallaşdırdığını, qüdrətli dövlət, etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Böyük neft-qaz ehtiyatlarına sahib olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır. O cümlədən, TANAP layihəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək və Cənubi Qafqaz, Azərbaycan, Türkiyə və Gürcüstan, Tükmənistan və digər ölkələrin əməkdaşlıq sahəsinin genişləndirilməsi, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsi, qaz bazarlarına daha çox maye qazın çıxarılması və dünya enerji təhlükəsizliyinə töhvənin verilməsidir. Bundan başqa, forum çərçivəsində ən önəmli aktual mövzulardan biri də uzunmüddətli investisiyalar, biznes mühiti və insan kapitalı olacaqdır. Biz açıq aşkar deyə bilərik ki, Cənubi Qafqazda hal - hazırda ən yaxşı investisiya mühiti Azərbaycandadır. 2012-ci il Davosdakı Dünya İqtisadi Forumunda dövlət başçısının da qeyd etdiyi kimi, təkcə ötən il ölkəyə 20 milyard dollar sərmayə yatırılıb ki, bunun da 7 milyard dolları xarici sərmayədir. Səbəbləri də məlumdur, hökumətin açıq "qapı" siyasəti, qanunvericilikdə xarici investorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara eyni şəraitin yaradılması, dövlət qeydiyyatının asanlaşdırılması və s. amillər göstərmək mümkündür. O cümlədən, Mərkəzi Asiyada investisiya mühiti haqda müzakirələr aparılacaq, Mərkəzi Asiya regionunda xarici investisiyaların cəlb olunmasının cari vəziyyəti və qlobal meylləri, infrastruktur sahəsinə investisiyalar, biznes mühiti reytinqlərinin təsirləri haqqında dialoqlar aparılacaqdır. Sessiyada çox aktual olan insan kapitalı mövzusunda dövlət başçısının da qeyd etdiyi kimi, qara qızılın insan kapitalına keçirilməsi əsas strategiyalardan biridir. Hal - hazırda dünya təcrübəsində də inkişaf etmiş ölkələr insan kapitalına böyük üstünlük verirlər".