Yanğın bir neçə binaya və avtomobilə ziyan vurub

30 Mart 2013 10:12 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.

Movqe.az FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda "AMİN" MTK tərəfindən tikintisi davam etdirilən çoxmərtəbəli yaşayış  binasının 6-cı mərtəbəsində taxta qəliblər 2000 kvadratmetr sahədə, yaxınlıqda olan üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 kv.m olan altı otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 2-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan beşotaqlı mənzilin mətbəxinin tavanı 12 kv.m sahədə, habelə vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin qabaq və salon hissələri, digər vətəndaşa məxsus "Skoda"  markalı minik avtomobilinin yanar hissələri yanıb. Üçmərtəbəli yaşayış binasının qalan hissəsi, bitişik yaşayış evləri və yaxınlıqda olan bazar yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri də cəlb olunub. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, yanğının söndürülməsinə kömək edilib.