Azərbaycana qarşı radikal mövqedə dayananların kimliyi üzə çıxır
1 Aprel 2013 11:00 (UTC+04:00)
"Bəzi dövlətlərin xüsusi xidmət orqanları və dini ekstremist
dairələr ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar". Bu
fikri Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü
ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı milli
təhlükəsizlik naziri general – polkovnik Eldar Mahmudov bildirib.
Nazir vurğulayıb ki, son dövrlər bəzi xarici dairələr tərəfindən
təhdidlərin artması, anti-Azərbaycan fəaliyyətə müxtəlif pozucu
elementlərin cəlb edilməsi müşahidə olunur: "Destruktiv qüvvələr
tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi
üçün səylər göstərilir. Azərbaycanın bütün nailiyyətlərin müəyyən
pozucu qüvvələr və düşmən dairələr tərəfindən qısqanclıqla
qarşılanır".
Nazir tərəfindən konkret ölkə adları vurğulanmasa da, belə
cəhdlərin hansı ölkələr timsalında ola bilməsi hər kəsə məlum
məsələdir. Azərbaycanın açıq düşmənin olması ilə yanaşı, ona
dolayısı ilə bədnam xislət daşıyan qonşuları da az deyil. Çünki,
milli təhlükəsizlik zəminində zərərsizləşdirilmiş qrup və şəxslərin
daha çox hansı ölkələrdən olmasını hər dəfə aydın görürük. Dini
müstəvidə isə burada məxsusi İranın adı vurğulanır. Qafqaz
Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin
rəhbəri, politoloq Araz Aslanlı bildirir ki, ümumiyyətlə, dünyada
dolayı və ya açıq dini radikalizmə dəstək verən müxtəlif ölkələrin
adları qeyd olunur: "Bunlar sadəcə müsəlman dövlətləri deyil.
Dünyanın müxtəlif dövlətləri də vaxtaşırı digər dövlətlərə qarşı
siyasət vasitəsi kimi dini radikalizmdən istifadə etmələrinə görə
günahlandırılırlar. Bu, xüsusən də soyuq müharibə dövründə olub.
Amma yaxın dövrdə Azərbaycanda təəssüf ki, bu problemi
qonşularımızla - xüsusən də İranla yaşayırıq. Yəni, cənab nazir
açıq şəkildə onlarını adını qeyd etməsə də, keçirilən əməliyyatlar
barədə verilən açıqlamalardan bilirik ki, adətən Azərbaycanda İrana
məxsus dini radikalizmlə məşğul olan qruplar aşkarlanır. Onları da
dövlət olaraq birbaşa dəstəkləyən İranın adı çəkilir. Digər
müsəlman ölkələrinin vətəndaşları ilə əlaqəli cinayətkar qruplar da
aşkarlanır. Amma burada konkret, birmənalı olaraq həmişə İranın
xüsusi xidmət orqanlarının adı çəkilir. Nazirin son açıqlamasında
da nəzərdə tutulan ölkə məhz İran İslam Respublikasıdır".
Politoloq onu da əlavə etdi ki, şübhəsiz, dini radikalizm vacib bir
siyasi, ictimai, hətta mədəni bir xarakterli hadisələrə müdaxilə
etmək üçün vasitə rolunu oynaya bilir: "Bunu ölkəmizdə keçirilən
"Eurovision" mahnı müsabiqəsində də, seçkilərdə və ya Qarabağa
problemi ilə bağlı hadisələrdə də gördük. İran mətbuatında bunu
asanlıqla görmək mümkündür. Dağlıq Qarabağla bağlı danışıqlar
prosesi gedəndə burada İranın istəyinə uyğun addım atılma ehtimalı
varsa, onunla bağlı aranı qarışdırmaq üçün, xüsusən dini radikalizm
müstəvisində əllərindən gələni edirlər. İran mətbuatında bunun
nümunələri çoxdur. Amma ümumi götürdükdə konkret hadisələr sadəcə,
vasitə rolu oynayır. Ümumiyyətlə, bu, İranın Azərbaycana strateji
yanaşmasından qaynaqlanın problemdir. Ancaq sadəcə, Azərbaycana
yanaşmasında deyil, İranın ümumiyyətlə xarici siyasət
konsepsiyasında dindən öz məqsədləri üçün istifadə etməsi ilə bağlı
yazılı və yazılı olmayan, açıq və gizli məqamlar var. Bu məqamlar
da özünü vaxtaşırı həmin xarici siyasətində göstərir. Hətta Türkiyə
və digər müsəlman qonşuları ilə bağlı siyasətində də özünü
göstərib".
Digər siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, tək seçki zamanı
deyil, elə adi vaxtlarda da imkan yaranan kimi bəzi ölkələrin
xüsusi xidmət orqanları fəallaşmağa başlayır: "Təbii ki, bu sırada
dini ekstremist qüvvələr daha çox yer tutur. 2013-cü ilin prezident
seçkilərinə təsadüf etməsi fonunda ölkəmizdə müəyyən radikal
qüvvələrin fəallaşması mümkündür. Daha çox İran vasitəsilə ixrac
edilərək din pərdəsi altında gizlənən qüvvələr və Rusiyadan
koordinasiya edilən dəstələrin, ayrı-ayrı şəxslərin
fəaliyyətlərinin artırdığını demək olar. Seçkilərlə bağlı dövlətin
bütün diqqətinin prosesə cəmlənməsi bəzi qüvvələri arxayın sala
bilər. Qarşıda - seçki ərəfəsində Azərbaycana düşmən qüvvələrin
dostluğunda yer alan Ermənistanın da sərhəd rayonlarında
fəallaşması baş verəcəkdir. Anti - Azərbaycan qüvvələrin əsas
məqsədi, ölkəni daxilindən və ələ aldıqları vətəndaşlardan dəstək
almaqla sarsıtmaqdır. Bu cür milli təhlükəsizliyə zidd halların
qarşısı qətiyyətlə və dərhal alınmalıdır".