Qeyri-neft sektoru inkişafı işsiz qadınların sayını azaldır

13 Mart 2018 09:45 (UTC+04:00)

Son illər ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir. Xüsusilə regionlarda qeyri-neft sektorunun inkişafı qadınların məşğulluğunun təmin edilməsinə, hətta sahibkara çevrilməsinə şərait yaradıb. Ekspertlər də qeyri-neft sektoru inkişaf etdikcə işsiz qadınların sayının azaldığını söyləyirlər. 

Millət vəkili Musa Quliyev deyir ki, ölkəmizdə qadınlarla bağlı dövlət siyasətinin düzgün aparılması, Ulu öndər Heydər Əliyevin uğurlu gender siyasəti ilə bağlıdır: “Bu gün Azərbaycan qadını iqtisadi, siyasi həyatda çox fəaldır. İcra hakimiyyəti başçılarının müavinləri postunda qadınların çalışması, Azərbaycan dövlətinin qadın siyasətinin uğurudur. Amma qadınların hamısını vəzifəyə çəkmək, onların təhsil, səhiyyə və digər sahələrdə aparıcı işlərdə çalışmasını təmin etmək mümkün deyil. 
Azərbaycanda qadınlar regionlarda, kənd yerlərində zaman-zaman uğurlu fəaliyyətləri ilə iqtisadiyyata öz töhfələrini veriblər. Son illər regionlarımızda qeyri-neft sektorunun dirçəldilməsi qadınların məşğulluğunun təmin edilməsində müsbətə doğru bir dönüş yaradıb. Qeyri-neft sektorunda, emal sənayesində fəaliyyət göstərən qadınlarımızın sayı günü-gündən artır. Azərbaycanda ipəkçilik, baramaçılıq, xalçaçılıq kimi ənənəvi qadın sənəti yenidən dirçəliş və inkişaf mərhələsinə qədəm qoyur. Vaxtıilə bu sahədə çalışan, amma Sovetlər Birliyi dağıldıqdan sonra müəssisələrin fəaliyyətini dayandırması səbəbindən işsiz qalan qadınlar yenidən öz sevdikləri sənətlərində çalışmağa başlayırlar. Bu gün regionlarımızda çayçılığın inkişafı cənub bölgəsində qadınların məşğulluğu üçün bir qapı açıb. Heyvandarlığın, kənd təsərrüfatının inkişafı sayəsində qadınlar arasında artıq sahibkara çevrilənlər də var”. 
M. Quliyev deyir ki, Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər də regionlarda qadınların qeyri-neft sektorunda sahibkar kimi inkişaf etməsinə dəstək olur: “Qeyri-neft sektorunun regionlarda inkişafına diqqət artdıqdan sonra bölgələrimizdə sahibkar qadınların da sayı artır. Amma mən çox arzulayardım ki, bizim sahibkar qadınlar liderliyi əldə edə bilsinlər”.
İqtisadçı alim Əli Əlirızayev da son illər qadınların məşğulluğunun təmin olunmasına qeyr-neft sektorunun inkişafının mühüm rol oynadığını söyləyir. Həmsöhbətimiz deyir ki, prezidentin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı ölkəmizdə qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlatdı: “Son bir neçə ildə ölkə başçısının kənd təsərrüfatının, baramaçılığın, çayçılığın inkişafına xidmət edən fərmanları artıq Azərbaycanın bölgələrində öz bəhrəsini verir. Sovet dövründə qadınların əsas məşğuliyyətinə çevrilmiş sahələrin yenidən dirçəlməsi, tütünçülüyün, heyvandarlığın inkişafı nəticəsində bölgələrimizdə xeyli sayda iş yerləri yaranıb. Tütünçülük, pambıqçılıq, baramaçılıq inkişaf etdikcə, regionlarda yeni iş yerləri açılır ki, bu da fabriklərin yenidən işə düşməsinə, istehsal gücünü artırmasına səbəb olur. Baramaçılığın yenidən dirçəlməsi, bu sahəyə dövlət qayğısı nəticəsində Şəkidə İpək Kombinatı işə düşdü. İndi dövlətin məqsədi o kombinatın istehsalat gücünü artırmaqdır. 
Ötən il Prezident «İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında» sərəncam imzaladı.  Dövlətin ayırdığı vəsait hesabına tut tinglərinin alınmasına 775 min manat, barama toxumlarının alınmasına 275 min manat ayrıldı. Tapşırıq verildi ki, Kənd Təsərrüfatı Nazirliyi tədarük olunan tut tinglərini və barama toxumlarını məhsul istehsalçılarına əvəzi ödənilmədən paylasın. Ötən ay ölkə başçısı "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. Çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı sözsüz ki, regonlarda məşğulluğun səviyyəsini yüksəldəcək. Dədə-babadan çay platasiyalarında işləyənlərin arasında qadınların payı daha çox olub. Bu sərəncamlar nəticəsində öz pay torpaqlarındakı çay kollarını məhv edənlər torpağın təyinatını yenidən dəyişərək çay tədarük edəcəklər”.
Ə. Əlirızayev heyvandarlığın inkişafının yeni emal müəssisələrinin yaranmasına, qadınların məşğulluq səviyyəsinin artmasına öz təsirini göstərdiyini söyləyir. İqtisadçı alim son illər ixracda qeyri-neft sektorunun payının artmasının da görülən işlərin nəticəsi olduğunu söyləyir: “2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac artıb. Son illərdə regionlarda rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin açılması, həm yerli tələbatın ödənilməsinə, həmçinin ixrac potensialı güclənməsinə gətirib çıxardıb. Bu gün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına  regionlarımızda meyvə-tərəvəz emalı, iri fermer təsərrüfatları yaranıb, eləcə də süd emal müəssisələri fəaliyyətə başlayıb. Strateji Yol Xəritəsində qeyri-neft sektorunun gələcək inkişafı üçün daha böyük hədəflər var. Bu hədəflərə çatdıqca, bölgələrdə işsiz qadınların sayı minimum həddə enəcək”. 

Zülfiyyə QULUYEVA