ATƏT PA-nın sədri Azərbaycanın İpək Yolu üçün vacibliyi barədə danışdı

13 Mart 2018 11:57 (UTC+04:00)

Azərbaycan ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun vacib üzvüdür.

Movqe.az-ın məlumatına görə, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında ATƏT PA-nın sədri Georgi Tsereteli deyib.

O qeyd edib ki, ATƏT PA-da Azərbaycandan böyük nümayəndə heyəti mövcuddur və onlar yaxşı təşəbbüslər, o cümlədən İpək Yoluna Dəstək Qrupunu inkişaf etdirmək üzrə təşəbbüslər irəli sürür:

“Biz bu səylərin ilk nəticələrini görürük. Hazırda 22 ölkə bu qrupun üzvüdür. Bu layihələri sürətləndirmək vacibdir. Azərbaycan, Gürcüstan və Türkiyə İpək Yolu layihəsinin konkret və vacib hissəsini inkişaf etdirir”.

G.Tsereteli qeyd edib ki, şəhərlər və cəmiyyətlər arasında əlaqə yaratmaq çox vacibdir, çünki bu amil biznesin inkişafı və əmək məşğulluğunun artması üçün faydalıdır:

“Ona görə də regiona çiçəklənmə və təhlükəsizlik gətirən layihələrin siyasi dəstəyi çox vacibdir. Mən hesab edirəm ki, Azərbaycan bu layihələrə mühüm töhfə verir”.