ABŞ separatçılara münasibətdə yenə ikili standartdan çıxış edir

14 Mart 2018 08:00 (UTC+04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb. 

Etiraz notasında bildirilir ki, ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik: “Postsovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür”.
Siyasilərin fikrincə, ABŞ prosesə yenə ikili standartlardan yanaşaraq, separtçılara fərqli münasibət bəsləyir.  Məsələn, Ukranya, Gürcüstan separatçılarına qarşı sanksiya tətbiq edir, onların ABŞ-a gəlişinə qadağa qoyur, amma Qarabağ separtçıları ilə münasibətdə bunu etmir. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində təsis etdiyi qondarma rejimin başçısı Bako Saakyanın ABŞ Konqresində tədbirə qatılması, rəsmi Vaşinqtonun Minsk qrupu həmsədrliyinə kölgə salmış olur: “ABŞ dövlətlərin ərazi bütövlüyünü qəsb edən separatçılara qarşı prinsipial mövqe ortaya qoymalıdır. ABŞ bu prinsiplərlə Ukrayna, Moldova və Gürcüstanda separatçılara sanksiya tətbiq edir. Bu qanunauyğundur. Amma analoji addımı Qarabağ separtçılarına qarşı da atmalıdır. 
Rəsmi Bakı Ağ Evə nota verməklə, ABŞ-ın bu siyasətinə qarşı kəskin mövqe ortaya qoydu. Azərbaycan regionda ABŞ-ın enerji tərəfdaşıdır. Terrora qarşı mübarizədə və beynəlxalq təhlükəsizliklə bağlı Bakı  ABŞ-la sıx əməşdaşlıq edir. Təssüf ki, bu ölkədə olan bəzi ermənipərəst qüvvələrin dəstəyi çox zaman Ağ Evin siyasətinə təsir edir. Birmənalı şəkildə ABŞ-ın bu siyasəti qəbuledilməzdir. Bu, Ermənistanın işğalı davam etdirməsinə stimul verir. Azərbaycan bu məsələdə ABŞ-la sıx siyasi təmasları artırmalı, belə bir səfərlərin qsrşısını qətiyyətlə almalıdır. ABŞ-ın Qarabağ münaqişəsinə ikili standartlardan yanaşması münaqişənin uzanmasına xidmət edir. Erməni lobbisinin Dövlət Departamenti ilə sıx iş birliyi nəticəsində bu kimi səfər və görüşlər təşkil edilir. Azərbaycan bu səfər və görüşlərin qarşısını ala bilər. Görünür, ABŞ Qarabağ məsələsində ermənilərin xətrinə dəymək istəmir. Amma beynəlxalq qanunları da   kobudcasına pozur”.
Digər politoloq Adıgözəl Məmmədov bildirdi ki, bu, faktiki olaraq, ABŞ-ın ikiüzlü, ikili siyasət yürütməsindən xəbər verir: “Ukrayna, Gürcüstan sepratçılarına sankisya tətbiq edir, amma Dağlıq Qarabağın «rəhbərinə» qol-qanad açır. Bu, həm də ABŞ-ın xarici siyasətinin iflasa uğradığı, ədalətsiz olduğu deməkdir. Konkret desək, Orta Şərq, Yaxın Şərq, Qafqaz siyasətinin iflası anlamına gəlir. Çünki biz bu cür siyasəti Suriya cəbhəsində də gördük. 
Görünür, ABŞ nə etdiyini bilmir. ABŞ dövlət Departamentinin xarici siyasət üzrə 812 nəfəri yox səviyyədədir. Artıq ABŞ-ın xairici siyasətində o qədər ziddiyyətlər var ki, ciddi dövlətin qəbul etməyəcəyi addımları atır. Ona görə də Azərbaycan XİN düzgün qərar verib. Ancaq ABŞ Konqresində nə qədər ermənipərəst qüvvələr olsa da, Azərbaycan siyasətini dəstəkləyən konqresmenlər də var. Onların səsinin ucaldılması üçün müəyyən addımlar atılmalıdır. ABŞ-dakı Azərbaycan səfirliyinin missiyalarından biri də bu olmalıdır”. 
Mübariz BAYRAMOV