Apreldən sonra Qarabağda status-kvonun dəyişilməsi prosesi başlanacaq

14 Mart 2018 09:30 (UTC+04:00)

Azərbaycan Ordusu yeni genişmiqyaslı hərbi təlimləri Ermənistanda qorxu ilə izlənir. Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Azərbaycan Ordusunun təlimlərə başlaması Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir: “Ermənistanda bəziləri bunu seçkilərə hesablanmış addım kimi dəyərləndirir, halbuki, bu yanaşma özünü aldatmaqdır. Çünki İlham Əliyevin buna ehtiyacı yoxdur. Bu addım seçkidən sonra gedişlərdən xəbər verir. İlham Əliyev həmsədr ölkələrinə göstərir ki, Qarabağdakı status-kvo ilə barışmayacaq”. Erməni şərhçi hesab edir ki, rəsmi Bakı bu siyasətini davam etdirərək, seçkidən sonra istədiyinə nail olacaq. Bu mövqeyində erməni şərhçi nə dərəcədə haqlıdır?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan heç zaman torpaqların işğal altında olması ilə barışmayacaq. Ona görə də, danışıqlarda real nəticə olmadığı təqdirdə, Azərbaycan işğala son qoymaq üçün digər varianta da əl atacaq: “Erməni şərhçi doğru olaraq qeyd edib ki, heç bir halda Azərbaycanın başladığı hərbi təlimlərin ölkəmizdə baş tutacaq seçkilərlə əlaqəsi yoxdur. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bunu artıq dünyanın bir çox aparıcı hərbi ekspertləri də belə qəbul edir. 
Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, deməli, ölkəmizin hərbi xərcləri də artacaq. Bu nöqteyi-nəzərdən Azərbaycan Ordusu da hər zaman güclü olmalıdır. Hərbi təlimlərin keçirilməsi də ordumuzun daha da güclənməsi məqsədinə xidmət edir. Hesab edirəm ki, yaranmış vəziyyətdə problem Ermənistandadır. Ermənistan bilməlidir ki, Qarabağ münaqişəsi dondurulmuş konflikt deyil. İstənilən vaxt, istənilən an Azərbaycan torpaqları azad etmək üçün hərəkətə keçə bilər. Bu müharibənin başlanmasına görə bütün məsuliyyət isə Ermənistanın üzərində olacaq. Ermənistan və onun hamiləri bilməlidir ki, məhz İrəvanın yürütdüyü işğalçılıq siyasəti müharibəni labüd edir. 
Ermənistan müharibə olmasını və bu zaman biabırçı şəkildə məğlub olmasını istəmirsə, zəhmət çəksin, torpaqlarımızı geri qaytarsın. Torpaqları geri qaytararsa, yeni reallıqlar meydana gələcək. Həmin reallıqlar da Ermənistanın iqtisadi blokadadan çıxması, onun üçün Azərbaycanın təşəbbüskar olduğu beynəlxalq iqtisadi layihələrdə iştirak etməsinə şəraitin yaranması deməkdir. Bütün bunlar da nəticə etibarı ilə Ermənistanın düşdüyü faciədən xilas olması istiqamətində atılan addım olardı. 
Ermənistan nə qədər ki, torpaqları azad etməyib, bir o qədər də öz gələcəyini sual altında qoyur. Azərbaycan Ordusunun martın 12-dən başladığı irimiqyaslı hərbi təlimlər Silahlı Qüvvələrimizin güc və potensialının daha da artırılmasına xidmət edir. Ona görə də qarşı tərəf düzgün olaraq vahimə içərisindədir. Çünki Azərbaycan Ordusu sözün həqiqi mənasında son dərəcədə güclüdür və müharibə başlayacağı təqdirdə öz tarixi missiyasını yerinə yetirmək iqtidarındadır. Hər şey Ermənistanın davranışından, bundan sonra yürüdəcəyi siyasətindən asılıdır. Belə hərbi təlimlərimiz mütəmadi xarakter daşıyır və Azərbaycan ordusu sabah bugünkündən daha güclü olacaq. Bu həqiqətdir, aksiomadır, qarşı tərəf bunu dərk etməlidir”.   
Politoloq Elşən Manafov qeyd etdi ki, Ermənistan Azərbaycan Ordusu ilə qarşı-qarşıya gələcək gücə  malik deyil: “Əslində, hərbi təlimlərin keçirilməsi anlaşılan və izah edilən prosesdir. Ordu varsa, mütəmadi olaraq döyüş qabiliyyətini sınamalıdır. Onu da nəzərə alaq ki, Azərbaycan müharibə vəziyyətində olan bir dövlətdir. Ərazimizin 20 faizi işğaldadır. Bu mənada ordumuzun daim yüksək döyüş qabiliyyətində olması, işğal edilmiş torpaqları qısa zamanda azad etmək üçün gücünün daim yüksəldilməsi təbii ki, dövlətimiz tərəfindən Silahlı Qüvvələr qarşısında qoyulan ən prioritet vəzifədir. 
Azərbaycan Ordusunun hərbi məsrəfləri Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir, hətta bəzi hallarda daha çoxdur. Bu da onu göstərir ki, dövlətimiz üçün işğal altında olan torpaqların məhz hərbi yolla azad edilməsi prioritet məsələ olaraq qalmaqdadır. Düzdür, Azərbaycan hələ də beynəlxalq birliyin problemi sülh və danışıqlar yolu ilə həll etmək təkliflərinə əhəmiyyət verir. Ona görə danışıqları da davam etdiririk. Azərbaycan Ordusunun başladığı hərbi təlimlərin Ermənistanda qorxu fonunda yaratdığı rezonans da anlaşılandır.  Düşmən tərəf ordumuzun  gücündən çəkinir. Son beş ildə Ermənistan 155 milyon dollarlıq silah alıbsa, Azərbaycanın həmin dövrdə Rusiyadan aldığı silahın ümumi məbləği 5 milyard dollardan yuxarıdır. Bu da Ermənistanın maliyyə imkanlarının məhdudluğundan xəbər verir. Ona görə də Ermənistan Azərbaycanla qarşı-qarşıya gələcək orduya malik deyil. Əslində, iki il əvvəl ordumuzun aprel döyüşlərində əldə etdiyi mühüm uğurlar təkcə Ermənsitana deyil, ona havadarlıq edən dövlətlərə də açıq mesaj idi ki, Azərbaycan problemi qısa zaman kəsiyində həll etməyə qadir dövlətdir. Bu da əlbəttə ki, Ermənistan tərəfdə ciddi narahatlıq yaradır. Ermənistan Rusiyadan vaxtı keçmiş, köhnə silahları alırsa, Azərbaycan ən müasir silahları alır. Bütün hallarda başlanacaq müharibə Ermənistana indi olduğundan daha ağır bəlalar gətirəcək. Bunu erməni tərəfi nə qədər tez anlayaraq, işğala son qoysa, ölkələri üçün bir o qədər yaxşı olar. Anlamasalar, bütün hallarda Azərbaycan Ordusu məqamında düşməni darmadağın edərək, torpaqları azad edəcək”. 
Rüfət NADİROĞLU