Tələbələrdə təhlükəli göz xəstəlikləri aşkarlanıb

14 Mart 2018 15:35 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 40 milyondan artıq insan korluqdan əziyyət çəkir. Əgər vaxtında profilaktik tədbirlər görülməsə bu rəqəmin 2020-ci ilədək 70 milyona çatacağı gözlənilir. Bu səbəbdən dünyanın əksər ölkələrində profilaktik tədbirlərə start verilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi də bu məqsədlə səyyar yoxlamalara başlayıb. Mərkəzin səyyar klinikası bu gün Bakı Dövlət Universitetinin tələbə və müəllim heyyətinin müayinəsi üçün səfərbər olmuşdu. Səhər saatlarından başlanan səyyar aksiyasda iştirak edən tələbə və müəllimlər həkimlər tərəfindən müayinə edilir, müayinənin nəticəsinə uyğun tövsiyyələr verilirdi. 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi Təşkilati və Metodiki bölmə rəhbəri Yazgül Abdıyeva Movqe.az-a açıqlamasında səyyar klinikanın ölkə ərazisində 147 dəfə müayinə aksiyası həyata keçirdiyini bildirdi. Onun sözlərinə görə, son illər dünyada göz xəstəlikləri sürətlə artması profilaktik tədbirləri öıkəmiz üçün də labüd edib. Həmsöhbətimiz deyir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin keçirdiyi aksiyalar zamanı oftalmoloqların başlıca məqsədi göz xəstəliklərini vaxtında aşkar etmək, xəstəliklərlə əlaqədar monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə və həll etməkdir: “Səyyar klinikamız  2012-ci ildən ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin arasında müayinə və tədqiqatlar aparıb. Göz xəstəliklərinin qarşısının erkən alınması üçün artıq bir neçə ildir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında əhaliyə səyyar xidmət göstərir. Bu müayinələrə artıq ümumtəhsil müəssisələrində, ali təhsil ocaqlarında da start verilib. Bu artıq 19-cu ali təhsil ocağıdır ki, mərkəzin səyyar klinikasının humanitar marşrutuna salınıb”. 
Bundan əvvəl də ali təhsil müəssisələrinin tələbə və müəllim heyyətinin müayinəyə cəlb olunduğunu söyləyən Yazgül Abdıyeva nəticələrin heç də ürəkaçan olmadığını söylədi: “Ali və orta təhsil ocaqlarında səyyar həkim briqadamızın apardığı müayinələr zamanı şagird və tələbələrdə erkən yaşlardan ciddi göz xəstəliklərinin üzə çıxıb. Onlarda astiqmatizm, miopatiya, katarakta və digər göz xəstəlikləri aşkarlanıb. Qeyd edim ki, müayinələr zamanı üzə çıxan göz xəstəlikləri yeniyetmə və gənclərdə narahatedici həddədir. Müayinələr  zamanı ali məktəb tələbələri arasında ən çox rast gəlinən refraksiya patologiyası aşkarlanıb ki, bu da gələcəkdə görmə qabiliyyətinin pozulmasına gətirib çıxardır”.
Mərkəz səlahiyyətlisi buna kompyuter, planşet və telefonlardan erkən yaşlardan eləcə də, yeniyetmə dövründə əyləncə məqsədilə istifadə edilməsi səbəb olur. Y. Abdlyeva tələbələrdə  quru göz sindromuna müayinələr zamanı daha çox rast gəlindiyini bildirib. Həmsöhbətimiz bu xəstəlik zamanı göz qırpma aktının  zəiflədiyini bildirib: “Quru göz sindromu əsasən smartfon və planşetlərdən mütəmadi və qeyri-düzgün istifadə nəticəsində meydana çıxır. Bu, daimi bir nöqtəyə gözün zillənməsi nəticəsində yaranır. Bu da gələcəkdə digər göz xəstəliklərinin yaranmasına zəmin yaradır”. 
Y. Abdıyeva bildirir ki, gənc nəsildə ən çox müşahidə olunan refraksiya, quru göz patologiyası da bir çox fəsadlara yol açdığından müayinə zamanı gənclərə kompyuter, planşet və mobil telefonlardan düzgün istifadə etməklə bağlı tövsiyyələr verilir. Həmsöhbətimiz deyir ki, gənclərin əyləncə məqsədilə mobil telefonlardan və kompyuterlərdən istifadəsi təhlükəli həddə çatıb: “Yeniyetmələrin və gənclərin onlayn oyunlardan, sosial şəbəkələrdən asılı qalması göz xəstəliklərinin artmasına zəmin yaradır. Bəzən məktəb yaşlı uşaqlar uzun müddət planşetlərdə onlayn oyunlar oynayır. Gənclər gecə saatlarınadək yuxusuz qalaraq mobil tətbiqdən istifadə edərək sosial şəbəkələrdən asılı qalırlar. Bütün bunlar gözün yorulmasına, göz xəstəliklərinin çox erkən üzə çıxmasına gətirib çıxardır. Bizim valideynlərə tövsiyyəmiz ondan ibarətdir ki, uşaqları və gəncləri kompyuter və planşetlərdən tamamilə təcrid edə bilməsələr də, ən azından rejim tətbiq etsinlər. Uşaqlarının uzun müddət kompyuterdə onlayn oyunlar oynamasına, planşet və mobil telefon üzərindən sosial şəbəkələrə qoşulmasına nəzarət etsinlər. Əks halda ölkəmizdə ÜST-ün yaydığı qorxulu proqnoz gələcəkdə özünü doğrulda bilər”.
Həmsöhbətimiz onu da qeyd edib ki, göz xəstəliklərinin erkən aşkarlanması və vaxtında müalicəsi uşaq və gəncləri gələcək korluqdan xilas edir. 

Zülfiyyə QULUYEVA