"Məişət zorakılığının qarşısının alınması haqqında” qanun işləmir
1 Aprel 2013 17:59 (UTC+04:00)
Ölkədə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun
qəbul edilsə də, ailə-məişət zorakılıqlarının qarşısını almaq
mümkün deyil. Son günlər baş verən məişət zorakılığı hallarının
ağır cinayət hadisələri ilə nəticələnməsi də ölkədə bu qanunun hələ
tam gücü ilə işləmədiyini bir daha təsdiqlədi. "Qadın Krizis
Mərkəzi"nin rəhbəri Mətanət Əzizova Movqe.az-a verdiyi
açıqlamasında ölkədə son günlər tükürpədici qətllərlə yadda qalan
cinayət hadisələrinin məhz ailə-məişət zorakılığı nəticəsində baş
verdiyini, məişət zorakılığına qarşı cəzaların sərtləşdirilməli
olduğunu söyləyib. Mərkəz rəhbəri deyir ki, ailələrdə baş verən
konfliktlər zamanı zorakılıq hallarının baş verməsinə qarşı yüngül
inzibati cəzaların təyin edilməsi ağır qətllərlə sonuclanır: "Bu
gün məişət zorakılığının qarşısını almaq üçün qəbul edilmiş qanun
məişət zorakılığının qarşısını almaqda zərrə qədər kömək
etmir. Əksinə, döyülmənin Cinayət Məcəlləsindən çıxarılaraq
İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi məişət zorakılıqları
hallarını daha da artırır. Həyat yoldaşınə döyən kişi, yüngül
cərimə ilə canını qurtarır. Cərimə ödəməklə canını qurtaran kişi,
şillə, təpikdən soyuq silahlara keçir. Üstəlik sahə müvəkkillərinin
konflikt yaşayan ailələrdən daxil olan siqnallara əhəmiyyət
verməməsi bu cür hadisələrin sayını artırır. Əksər hallarda əri
tərəfindən döyülərək polisə şikayət edən qadın elə polisin özü
tərəfindən qınanılır. Konfliktli ailələrlə profilaktik iş aparmayan
sahə müvəkkillərinin bu etinasız davranışı nəticəsində onlar az
keçməmiş elə həmin ailədə məişət zəmnində baş vermiş ağır qətll
hadisəsi ilə bağlı xəbər alırlar".
Millət vəkili Musa Quliyev də, "Məişət zorakılığının qarşısının
alınması haqqında" qanunun məişət zorakılığının qarşısını
almadığını təsdiqləyi: "Mən müzakirələr zamanı da bu qanunun
qəbuluna qarşı çıxmışam. Məişət zorakılığı ilə bağlı qanun qəbul
olunsa da, bu qanunla məişət zorakılıqlarının qarşısını almaq
mümkün deyil". Millət vəkili deyir ki, hər ailənin öz qanunu var.
Bir qanunu bütün ailələrə şamil etmək olmaz: "Əvvəllər məişət
zorakılığı halları ona görə az-az baş verirdi ki, ailədə münaqişə
zamanı işə ağsaqqallar, ağbirçəklər qarışıb söz-söhbətin böyüməsinə
mane olurdular. Bu münaqişə zorakılıq həddinə gəlib çıxmırdı.
Ailənin işinə kənar şəxsin, hər hansı təşkilatın müdaxiləsi ilə
ailədə söz-söhbətlərə son qoymaq olmaz. Ümumiyyətlə ailələrdə son
illər məişət zorakılıq hallarının artmasının səbəbi keçid dövrüdür.
İnternetə çıxış imkanları, teleseriallar, qərb ailə modelinin
təbliği bu kimi hadisələrin sayını artırır. Azərbaycan kişisi qərb
qadının ailəyə münasibətindəki düşüncə tərzini qəbul etmir.
Azərbaycanlı bir xanım qərb qadını kimi, onun düşüncəsi ilə öz
ailəsinə yanaşanda bu ailədə konfliktlərin yaranmasına gətirib
çıxardır".
M. Quliyevin sözlərinə görə, bu cür konfliktlərin məişət
zorakılığı, ağır qətllərlə sonuclanmaması üçün mövcud
qanunvericilik sahə müvəkkillərinin üzərinə də məsuliyyət qoyur:
"Qanunla polisə ailədaxili konfliktlə bağlı siqnal daxil olan kimi,
sahə müvəkkili profilaktik iş aparmaq üçün həmin ailə ilə söhbət
aparmalı, lazım gələndə təcavüzkar tərəfə qanunun gücünü də
göstərməlidir".