Cəbhə zonasında müharibəyə yol açan gərginlik

2 Aprel 2013 08:32 (UTC+04:00)

1994 - cü ildən etibarən Azərbaycanla Ermənistan arasında atəşkəs barədə razılaşma əldə edilsə də, bu gün cəbhə zonasında sakitliyin hökm sürməsindən danışmaq qətiyyən mümkün deyil. Atəşkəsin pozulması son zamanlar daha da kəskinləşib. Elə buna görə cəbhədə olan itkilərin sayında artım müşahidə olunur. Hətta erməni tərəfidən iddialar var ki, guya bu aralar Azərbaycan cəbhə bölgəsinə əlavə qüvvələr yeridib.

Azərbaycan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyi lüzumlu bilməsə də, sahə ekspertləri Ermənistanın bu iddiasını dezinformasiya kimi qəbul edirlər.

Hərbçi ekspert Yaşar Cəfərlinin fikrincə son vaxtlar cəbhədə müşahidə olunan gərginlik regionda cərəyan edən siyasi proseslərlə əlaqədardır: "Bir tərəfdən bu il keçiriləcək seçkilər, digər tərəfdən regiondakı maraq nöqteyi-nəzərindən ABŞ-Rusiya və Avropa Birliyi arasında gedən çəkişmələr var. ABŞ cəhd edir ki, İran sərhədinə maksimum dərəcədə yaxın olsun. Bu nöqteyi nəzərindən ona Azərbaycan lazımdır. Əfqanıstana daşınan hərbi yüklər də Azərbaycanın üzərindən keçir. Buradakı yatırımlar, iqtisadi maraqlar Qərbin və ABŞ-ın marağının əsas hissəsidir. Təbii ki, Rusiya da öz maraqlarını qoruyub saxlamaq istəyir. O, ABŞ, Avropa Birliyi və NATO - nun bu regionda öz iştiraklarını artırmasını istəmir. Əsas məsələ budur. Digər tərəfdən İran da nüvə silahını əldə etmək kimi haqqının olduğuun bildirir. Bütün bu geosiyasi vəziyyət, Azərbaycanda maraqların toqquşması regionda gərginliyin olmasına gətirib çırxarır. Təbii ki, söhbət təkcə Azərbaycandan getmir. Ruslar Ermənistanda özlərinə lazım olan prezidenti hakimiyyətdə saxladılar. Gürcüstanda da vəziyyətin dəyişməsinə nail ola bildilər. İndi də növbə Azərbaycana gəlib çatıb. Bu proseslər də gərginliyin artmasına gətirib çıxarır. Ancaq belə vəziyyətdə Azərbaycan hamıdan çox maraqlıdır ki, stabillik pozulmasın. Yəqin, Ermənistan da qızışdırılır və Rusiyanın özündə hərbi təlimlərin həddi artıb. Rusiya Ermənistan vasitəsi ilə Azərbaycana təzyiq göstərmək istəyir. Təbii ki, bu təzyiq təkcə Azərbaycana yox, ABŞ və Qərbə hesablanıb".

Ekspert onu da əlavə etdi ki, Azərbaycan cəbhəyə əlavə qoşun yerləşdirməkdə maraqlı deyil: "Çünki, Azərbaycan dəfələrlə atəşkəsə sadiqliyini nümayiş etdirib. Nəyə ehtiyac var ki, əlavə qoşun yeridilsin? Müqavilə var, razılıq var. "Moskva bəyannaməsi" imzalanıb. Rusiya da zamin durub. Əgər biz bu qüvvələrlə atəşkəs rejimini qoruyub saxlaya biliriksə, əlavə qoşun ora yeridilməsinə ehtiyac yoxdur. Azərbaycan Ermənistanla müharibə etmir və etmək fikri də yoxdur".

Digər hərbi şərhçi Üzeyir Cəfərovun sözlərinə görə, adətən mart - aprel aylarında cəbhə bölgəsində atışmaların intensivliyi artır: "Ona görə də belə vaxtlarda şəxsi heyət döyüş xəttindən mümkün qədər az görünməlidirlər. Həm də artıq hərbi xidmətə çağırış və təxris prosesi başlayıb. Yəni, şəxsi heəyətin də dəyişmə prosesi həyata keçirilir. Amma bu intensivlik çox da ciddi gərginliklərə gətirib çıxarmayacaq. Ermənistanın kifayət qədər öz problemləri var. Ona görə də hansısa aktiv döyüş əməliyyatları baş verəcəyinə inanmıram. Ancaq nə qədər ki, işğal faktı aradan götürülməyib, mövqe atışmaları da bir o qədər olacaq. Hər bir halda isə düşmənə cavab atəşi açılır".

Ekspert bildirir ki, Ermənistanın Azərbaycanın cəbhəyə əlavə qüvvə gətirməsi iddiaları "ağ yalan"dır: "Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Heç bir halda da mühüm siyasi tədbirlər olacaq ölkədə genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirilmir. Düzdür, müharibə istisna olunmur. Amma sadəcə, indiki halda Azərbaycanın aktiv döyüş əməliyyatlarına başlayacağına inanmıram. Ola bilsin ki, gələn illərdə bu istiqamətdə hansısa hərəkət müşahidə olunsun. Bundan başqa, orada Azərbaycanın indiyə qədər texnikası yox idi ki, yenidən ora hərbi texnika cəlb etsin? Sadəcə bu, Ermənistan tərəfindən dövriyyəyə buraxılmış dezinformasiyadır ki, Azərbaycanı aktiv döyüşə hazırlaşan formada təqdim etsinlər. Onların niyyəti Azərbaycan haqqında mənfi imic formalaşdırmaqdır. Yaxud bəlkə də onlar keçirilən təlimlərlə əlaqədar hansısa texnikanın hərəkətini müşahidə edib, narahatedici faktor kimi qələmə verirlər".