Yunanıstanın sabiq XİN rəhbəri Azərbaycana gələcək

2 Aprel 2013 11:40 (UTC+04:00)

2006-2009-cu illərdə xarici işlər naziri vəzifəsinə təyin olunmaqla Yunanıstanın tarixində ən yüksək vəzifə tutmuş qadın Dora Bakoyannis mayın 6-8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak edəcək. Movqe.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildiriblər ki, sabiq nazir forumun konfliktlərlə bağlı plenar iclasına sədrlik edəcək.1992-93-cü illərdə Yunanıstanın mədəniyyət naziri, 2003-2006-cı illərdə Afina şəhərinin ilk qadın meri və Afina Yay Olimpiya Oyunlarına rəhbərlik edən xanım Dora Bakoyannis hazırda Demokratik Alyans Partiyasının sədri olmaqla parlamentdə də təmsil olunur.2009-cu ildə isə ATƏT-ə rəhbərlik edərək Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün aktiv fəaliyyət göstərib.D.Bakoyannis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətində də təmsil olunur.Onu səfər zamanı Ümumdünya Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos müşayiət edəcək.

Cənubi Qafqaz Forumu dünyanın 50-dən çox ölkəsindən təmsil olunacaq 30-dan çox sabiq ölkə və hökumət rəhbərləri, 200-dən çox ən nüfuzlu elm adamları, nüfuzlu strateqlərin iştirak edəcəyi beynəlxalq əhəmiyyətli tədbirdir. Forumun təşkilinə İsgəndəriyyə Kitabxanası, Fundacion de Paz, Roma Klubu, Gəncə Şəhər İcra Hakimiyyəti və bir sıra digər nüfuzlu qurumlar dəstək göstərir.