Azərbaycana 3 milyon manat ziyan dəyib...
2 Aprel 2013 11:42 (UTC+04:00)
Bu barədə Movqe.az-a Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin
mətbuat xidmətinin rəhbəri Pünhan
Mürsəliyev məlumat verib. P.Mürsəliyev
qeyd edib ki, yol nəqliyyat hadisələri zamanı yola və yol
qurğularına ziyan dəyərkən, Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi,
"Azəryolservis" ASC-nin əməkdaşları və hadisəni törədən şəxsin
iştirakı ilə müvafiq akt tərtib olunur, yola və yol qurğularına
dəymiş ziyanın məbləği hesablanır və bu məbləğ sözügedən aktda öz
əksini tapır:
"Ötən il ərzində Azərbaycanda baş verən yol nəqliyyat hadisələri
zamanı yola və yol qurğularına 3 mln. manata yaxın ziyan dəyib ki,
bu günədək bunun yalnız 44 min manatdan bir qədər artıq hissəsi
(1,5%) ödənilib. Hadisələrin çoxu kim tərəfindən törədildiyi
bilinmir və yola dəyən ziyan yalnız baxış zamanı aşkarlanır. Eyni
zamanda, məhkəmənin qətnaməsinə baxmayaraq, hadisəni törətmiş
şəxslər ödənişdən boyun qaçırırlar". "Azəryolservis" rəsmisi
onu da əlavə edib ki, 2012-ci ildə ölkənin avtomobil yollarında 12
min poqon metr əyri xətli tir (metal təhlükəsizlik səthi), 200
poqon metr bordyur, bir çox yol hərəkət nişanı, göstəricilər, işıq
dirəkləri və s. sıradan çıxıb.