Penitensiar müəssisələrdə islahatlar davam edir

27 Aprel 2012 22:34 (UTC+04:00)

Azərbaycanın penitensiar müəssisələrində məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var. Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

"Penitensiar müəssisələrdə islahatlar davam edir, məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var, yeni penitensiar müəssisələrdə koloniyalar tikilir - islah əmək müəssisələri yaradılır. Azərbaycanın Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması ilə bağlı cəza növü mövcud idi. Parlamentdə qəbul olunmuş qanuna görə, bu, ləğv olundu. Bu səbəbdən həmin məhbusların cəzası da başqa cəza növü ilə əvəz olundu", - Fuad Ələsgərov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan Avropanın penitensiar qaydalarını öz qanunvericiliyində qəbul edib.

"Hazırda parlamentdə oxunuşda həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsi var. Bu yaxınlarda o, son oxunuşda qəbul ediləcək. Avropa penitensiar qaydalarına uyğun olaraq, hüquqların müdafiəsi ilə bağlı müddəalar orada əksini tapıb", - Fuad Ələsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar artıq uzun illərdir ki, həyata keçirilir. Bu dinamikada olan bir prosesdir, çünki islahatlara hər an ehtiyac duyulur.

Azərbaycanda hüquq islahatlarının davam etdirildiyini bildirən Fuad Ələsgərov deyib ki, hüquq sahəsində gəncləşmə gedir.

"Bunun müsbət tərəfi ondan ibarətdir ki, məhkəmə sistemi, prokurorluq, digər hüquq mühafizə orqanlarında daha çox çeviklik yaranır", - PA rəsmisi qeyd edib.

"Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılova ilə bağlı baş vermiş hadisələr üzrə bir neçə şəxs müəyyənləşdirilib". Bunu da SalamNews-a Fuad Ələsgərov bildirib.

O söyləyib ki, Xədicə İsmayılova özü istintaqa çox böyük kömək göstərir və onunla yaxşı əlaqələr qurulub. Xədicə İsmayılovanın istintaqı ilə bağlı əhaliyə də çox geniş məlumat verilib. X.İsmayılovaya məktubların haradan göndərilməsi, kimlər tərəfindən təhdidlərin olunması və digər məsələlər hazırda çox ciddi araşdırılır. Əminəm ki, istintaq bu məsələlərin hamısını araşdıracaq. Bununla bağlı hər hansı narahatlığa lüzum yoxdur".