“Məktəbə yarıçılpaq gələn, bədənində döymə olan müəllimlər var”

2 Aprel 2013 11:02 (UTC+04:00)

Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında müəllimlərin etik davranış qaydalarının qəbul edilməsi nəzərdə tutulub. Bununla əlaqədar "Media forum" saytına açıqlamasında Azad Müəllimlər Birliyinin sədri, təhsil məsələləri üzrə ekspert Məlahət Mürşüdlü deyib ki, etik davranış qaydalarında müəllimin geyimi, şagirdlərlə, valideynlərlə münasibətinin forması əksini tapmalıdır.


Ekspert vurğulayıb ki, ölkədə şagirdə münasibət dəyişməlidir: "Bəla burasındadır ki, bizim bəzi müəllimlər şagirdə hələ də bir obyekt kimi baxır, onun söz demək, müzakirə aparmaq haqqını tapdayır. Bu da şagirdi aqressivləşdirir".


Məlahət Mürşüdlü qeyd edib ki, etik qaydaları pozan müəllim cəzalandırılmalıdır: "Müəllimin şagirdlə qeyri-etik davranmasına, ona fiziki güc tətbiq etməsinə son qoyulmalıdır. Qeyri-etik davranan, şagirdə zor tətbiq edən müəllimin ya əmək haqqından kəsilməli, ya da o, kollektiv qarşısında qınanmalıdır".


Etik qaydalarda müəllimin geyim qaydasının xüsusi qeyd olunmasını vacib sayan Məlahət Mürşüdlü deyib: "Bir çox halda müəllim evində nə qədər qızıl-zinət əşyası varsa, taxıb dərsə gəlir. Məktəbə yarıçılpaq şəkildə gələn, o cümlədən bədənində döymə olan müəllimlər də var".  


Məlahət Mürşüdlü bildirib ki, müəllimlər dərs zamanı heç bir halda mobil telefondan istifadə etməməlidir: "Bu, qadağan olunmalıdır. Müəllimin dərs zamanı telefonla danışması şagirdlər üçün yaxşı nümunə deyil".


Müəllimlərə verilən hədiyyələrə gəlincə, ekspert deyib: "Şagird çox sevdiyi müəlliminə Müəllimlər Günündə bir kitab, ya da bir çiçək hədiyyə edərsə, bunu qəbul etmək olar. Ancaq məcburi qaydada şagirdə, ya da valideyə hansısa bəxşiş aldırmaq müəllimin şərəfli peşəsinə yaraşmayan bir hərəkətdir".