Kənd təsərrüfatı sahəsində dövlət proqramı yaxın günlərdə hökumətə təqdim olunacaq

2 Aprel 2013 16:30 (UTC+04:00)

"Dövlət başçısı İlham Əliyev tərəfindən 8 saylı konsepsiya hazırlanıb. Sənədin əsas müddəalarından biri də kənd təsərrüfatı sahəsində dövlət proqramı və strategiyasının hazırlanmasıdır. Artıq nazirlik tərəfindən strategiya hazırlanaraq yaxın günlərdə hökumətə təqdim olunacaq". Mövqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.

 

O bildirib ki, strategiyanın əsas müddəaları 4 istiqaməti əhatə edir: "Əsas istiqamət bitkiçilik və onun əsası olan toxumçuluğu inkişaf etdirmək, ikincisi heyvandarlıq və onun əsası olan damazlıq sistemini inkişaf etdirmək, üçüncüsü azad torpaq mülklərinin qorunub saxlanmasıdır. Azərbaycanın 41,8% ərazisi eroziyaya uğrayıb. Burada çoxlu işlər görmək lazımdır. Dördüncü istiqamət isə marketinq problemi, yəni fermerin yetişdirdiyi məhsulun bazara çıxarılmasıdır. Düşünürəm ki, bu 4 istiqamətdə strategiyanın əsas müddəaları olaraq yerlərdə məlumatlar hazırlanıb. Müəyyən ekspertləri də dəvət etmişik ki, bu sənədin hazırlanmasında iştirak etsinlər. Bu, mühüm bir sənəddir və gələcək üçün əsas təminatdır. Bizim əsas məqsədimiz odur ki, ərzaq təhlükəsizliyi problemi həll olunsun. Bu problemi həll etmək üçün öncə əkin sahələrini inkişaf etdirmək lazımdır".