Sosial sığorta ödənişləri varislərə də çata bilər, amma…

2 Aprel 2013 16:50 (UTC+04:00)
Məlum həqiqətdir ki, bu gün ölkədə pensiya təyinatı zamanı şəxsə düşən məbləğin həcminə təsir göstərən əsas vasitələrdən biri sosial sığorta haqlarıdır. Şəxs sosial sığorta üçün nə qədər çox vəsait ödəyirsə, pensiya təminatı da bir o qədər yüksək olur. Hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu sahədə geniş maarifləndirmə işləri aparılır. Nəticə isə ondan ibarətdir ki, sosial sığorta haqları ödəyənlərin sayında artım qeydə alınır. Lakin məsələnin maraq doğuran tərəfi həm də ondan ibarətdir ki, şəxs pensiya yaşına çatmadan dünyasını dəyişirsə, onun ödədiyi sosial sığorta haqlarının hara sərf olunmasıdır. Belə fikirlər səslənir ki, bu vəsait sosial sığorta ödəyən şəxsin varislərinə çatmalıdır.

Məsələ ilə bağlı fikirlərini Mövqe.az-a açıqlama verən iqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, sosial sığorta ödənişlərinin varislərə çatması özəl pensiya fondlarının olduğu halda mümkündür: "Özəl pensiya fondları dövlətdən ayrı fəaliyyət göstərir. Bu cür fondlarda yığılan vəsaitlər sonradan pensiya yaşına çatanda vətəndaş vəfat edirsə, çox təbii olaraq onun varislərinə verilir. Eyn zamanda sosial sığorta fondlarının əsas məqsədi odur ki, vətəndaş işləyən zaman onun sosial sığorta kimi ödədiyi vəsait yaxşı idarə olunsun, əlavə gəlir əldə edilsin və vətəndaş pensiyaya çıxan zaman şəxsi hesabından yararlansın.

Bizim Dövlət Sosial Müdafiə Fondu ilə bağlı qəbul edilmiş dövlət proqrama əsasən isə, o, 2015-ci ilə qədər özünü maliyyələşən quruma çevrilməli, dövlətdən asılı olmamalıdır. 2015-ci ilə qədər özəl pensiya fondlarının yaradılması da nəzərdə tutulur. Çox təssüf ki, ölkəmizdə hələ özəl pensiya fondları yaradılmayıb. Lakin pensiya islahatları davam edir. 2015-ci ilə kimi özəl pensiya fondları yaranacaqsa, bu cür fondlarda vətəndaşlar özləri müqavilə bağlayacaqlar. Təbii ki, orada artıq vəsaitlərin qaytarılması və yaxud da ki, varislərə verilmə ilə bağlı şərtlər ola biləcək. Özəl pensiya fondları da dünya praktikasında olduğu kimi vətəndaşların gələcək varislərinə 144 ayın vəsaitini qaytarmaq imkanına malik olacaq".

Bəs görəsən ölkəmizdə özəl pensiya fondları mövcud olmadan Dövlət Sosial Müdafiə Fondunun vətəndaşların varislərinə onlara mənsub olan təqaüdü verə bilərmi? İqtisadçı ekspert buna belə münasibət bildirdi: "Əgər qanunvericilikdə dəyişiklik olsa, DSMF-da vətəndaşların varislərinə sosial sığorta zamanı olan vəsaiti verə bilər. Hazırkı qanunveicilikdə bu nəzərdə tutulmur. Ancaq DSMF özünün maliyyələşməsinə keçdikdə, yığılan vəsaitləri kifayət qədər yüksək olduqda bu mümkün ola bilər. Bu proses həm də vətəndaşları DSMF-yə vəsait verməyə stimullaşdıran amil olardı. Hər kəs əmin olardı ki, pensiyaya çıxdıqdan sonra onun ödədiyi vəsaitlər "dövlətə qalmayacaq", onun varislərinə veriləcəkdir. Belə bir hal olduqda şəxs işləyən zaman maraqlı olar ki, sosial sığorta haqqını tam ödətdirsin".

Dövlət Sosial Müdafiə Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Mövqe.az saytına verdiyi açıqlamada bununla bağlı bildirib: "Sosial sığorta dövlətə vergi ödəmək kimi bir şeydir. Əgər bir şəxs dövlətə verdiyi vergini geri ala bilmirsə, sosial sığortanı da almaq mümkün deyil. Ümumiyyətlə qeyd edim ki, heç bir ölkədə şəxs öldükdən sonra onun sosial sığorta şəklində ödədiyi məbləğ varislərinə verilmir. Azərbaycanda da bu mümkün deyil. Bizdə sadəcə ailə başçısı öldüyü zaman onun məvacibi uşaqlarına, ailəsinə verilir".