İnsan alverçisini ələ verməyən qurbanlar sığınacağa buraxılmır

2 Aprel 2013 15:59 (UTC+04:00)
"Polisə ifadə verməyən insan alveri qurbanlarına  Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin insan alveri qurbanları üçün yaradılmış sığınacağına sığınmağa icazə verilmir".
Bu məlumatı Movqe.az-a açıqlamasında "Qadın Krizis Mərkəzi"nin rəhbəri Mətanət Əzizova deyib. M. Əzizova bildirib ki, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sığınacağına müraciət edən insan alveri qurbanları qarşısına, onu qurbana çevirən insan alverçisi barədə məlumat vermək şərt kimi qoyulur: "Sığınacağa sığınmaq üçün müraciət edən insan alveri qurbanları qarşısında şərt qoyulur. Onların bu sığınacaqda yaşaması üçün mütləq cinayət işi açılmalıdır. Yəni qadın, onu qurbana çevirən barədə polisə ətraflı məlumat verməli, bu barədə cinayət işi açılmalıdır. Əks halda insan alveri qurbanı sığınacağa qəbul edilmir. Bu tamamilə səhf yanaşmadır. Sığınacağa qəbul edilən qadınlar qarşısında dərhal bu şərt qoyula bilməz. Elə insan alveri qurbanları var ki, onlar yaxınlarının təhlükəsizliyindən narahat olduqlarından, onların başına bir iş gələcəyindən qorxub insan alverçisini ələ vermir. Belələrini sığınacağa götürməmək düzgün deyil. İnsan alveri qurbanlarının bəziləri psixoloji baxımdan ifadə verməyə, insan alverçilərini ələ verməyə hazır deyillər. Onlar sığınacağa gələnə qədər səkəsəkə içərisində olur, ətrafları ilə bağlı narahatçılıq keçirirlər.Ona görə də, polisin sığınacağa müraciət edən insan alveri qurbanı olan qadınların qarşısında belə şərt qoymağı düzgün deyil. Xarici ölkələrdə sığınacaqlara üz tutan insan alveri qurbanları belə bir seçim qarşısında qalmırlar. Onlar sığınacağa götürülərək dərhal reablitasiyası yönündə iş aparılır. Bizdə isə insan alverçisini sığınacağın qapısındaca ələ verməyən qurbanlar sığınacağın qapısından içəri buraxılmır".
M. Əzizova xarici ölkələrdə bu tip sığınacaqların polisin yox, QHT-lərin nəzarətində olduğunu, qurbanalara vətəndaş cəmiyyəti institutlarının yardım göstərdiyini söyləyir: "Azərbaycanda isə insan alveri qurbanları üçün yalnız bir sığınacaq var ki, o da DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin balansındadır".
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinindən də Movqe.az-a məlumatı təsdiqlədilər. İdarədən bildirdilər ki, sığınacağa müraciət edən qurbanların onu qurbana çevirən insan alverçisi barədə məlumat verməsi və cinayət işinin aşılması şərtdir: "Əgər qurban polisə bu bilgini vermirsə, onda otursun evində.Onun bu sığınacaqda yeri yoxdur".