“Azərsun Holdinq”in “Zeytun bağları” markası yeni layihəyə start verdi

2 Aprel 2013 17:23 (UTC+04:00)
Azərbaycanın təbii sərvəti olan zeytun ağaclarının mühafizəsi ilə bağlı "Azərsun Holdinq"in "Zeytun bağları" markası yeni layihə həyata keçirəcək.Layihə ilə bağlı keçirilən mətbuat konfransında şirkətlər qrupunun İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov, başlayan aksiyanın əsas məqsədinin Abşeron yarımadasında bitən zeytun ağaclarına diqqətin daha da artması olduğunu bildirib.
Bakının bütün rayonlarında üç ay müddətində mərhələlərlə keçiriləcək aksiyanın Ekologiya və Təbii sərvətlər nazirliyinin, Bakı şəhər İcra hakimiyyətinin müvafiq idarələrinin və qeyri-hökumət təşkilatlarının könüllüləri ilə keçiriləcəyi nəzərdə tutulur. Layihəyə ilk olaraq Nizami rayonunda start veriləcəyini bildirən Afiq Səfərov "Zeytun bağları" markasının Azərbaycan zeytununun qoruyucusuna, himayəçisinə çevriləcəyini qeyd etdi.
Keçirilən mətbuat konfransında media nümayəndələrin suallarını cavablandıran holdinqin İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri A. Səfərov son zamanlar bəzi mətbuat orqanlarında Azərsun Holdinqin idarə heyətinin sədri Abdolbari Goozalın "Milyarderlər ittifaqı" ilə əlaqəyə can atması barədə yayılmış informasiyaya da təkzib etdi. Səslənən suala açıqlama verən şirkət rəsmisi qeyd etdi ki: "Abdolbari Goozalin Heydər Əliyevə və onun müəyyənləşdirdiyi yola sadiq oadamdır. Abdolbari Goozalı tanıyan insanlar yaxşı bilirlər ki, o xeyriyyəçi iş adamı olmazdan qabaq, sadiq insandır. Abdolbari Goozalın Azərbaycanda fəaliyyət göstərməsi ulu öndər Heydər Əliyevlə olan sadiq dostluğunun nəticəsidir. Onun işgüzar təcrübəsi, gücü imkan verir ki, dünyanın istənilən nöqtəsində öz biznes fəaliyyətini qursun və genişləndirsin. Amma əqidəli insan öz dostuna həmişə sadiq qalır və Abdolbari Goozal da həmişə ulu öndər Heydər Əliyevi rəhmətlə, məhəbbətlə xatırlayır. Heydər Əliyev yolundan dönmək Abdolbari Goozal əlifbasında yoxdur. Başda idarə heyətinin sədrimiz Abdolbari Goozal olmaqla "Azərsun Holdinq" ailəsi Heydər Əliyev irsinə sadiqdir və qarşıdakı prezident seçkilərində də bu sədaqət özünü göstərəcək. "Azərsun Holdinq"in ətrafında birləşən insanlar zəhmətkeş, əliqabarlı, halal çörək qazanan təbəqədir. Belə insanların verəcəyi səs, hansısa milyarderin verəcəyi səsdən cənab Prezident İlham Əliyev üçün daha önəmlidir. Məqalə kiçik bir təxəyyülün məhsuludur. Mən həmin məqaləni oxumuşam. Orada bizim dırnaq arası həmkarımız yazıb ki, Abdolbari Goozal "Milyarderlər ittifaqı" ilə əlaqəyə can atır və əlaqələr axtarır ki, ittifaqın rəhbəri Söyün Sadıqov ilə görüşsün. Bir az insafsız yazılıb, heç olmasa Vladimir Putin yazardı, bir az inandırıcı olardı. Bəli, ola bilsin ki, hansısa Azərbaycanın dövlət maraqlarının müdafiəsi baxımından Abdolbari Goozal Putin ilə görüşə can atar, amma dünən peyda olan bir insanla Abdoolbari Goozalın görüşə can atması gülüncdür və kiçik bir təxəyyülün məhsulu olduğu da yazıda özünü büruzə verir".