Paytaxtda iti-pişiyi üçün bir həftəyə 70-80 manatından keçənlər...

2 Aprel 2013 18:27 (UTC+04:00)

Ailəsi üçün gündəlik çörək almağa pul tapmayanlarla yanaşı,  evdə saxladığı heyvana iki günə 30-40 manat pul xərcləyənlər də var. Mövqe.az əməkdaşının   paytaxtımızda apardığı araşdırmalarından məlum olub ki, paytaxt sakinləri arasında elələri var ki, evində saxladığı bir heyvana yem almaq üçün həftədə 70 - 80 manat pul xərcləyir. Onların  saxladıqları bu heyvanlar  sırasında  it, pişik, tutuquşu, balıq daha  çox üstünlük təşkil edir. Bu heyvanlar üçün yemlər əsasən Avropa ölkələrindən gətrilir. Azadlıq prospekti 56 ünvanında "Zoo" adı altında fəaliyyət göstərən ev heyvanları üçün yem mağazasının sahibi Movqe.az-ın əməkdaşı ilə söhbət zamanı bildirib ki,  yemlər Almaniyadan, Fransadan, İtaliyadan, Rusiyadan  və digər xarici  ölkələrdən gətirilir. Mağaza sahibi Kərimov Rəşad bildirib ki, it-pişik üçün ölkəmizdə yem istehsal olunmur: "Bu məhsullar xaricdən gətrildiyi üçün qiymətləri də  nisbətən bahadır. Məsələn, pişik yeminin 1 kiloqramı 6 - 10 manata, it yeminin 1 kq-  5 - 20 manata , quş yemlərinin 1kq-  2-10 manata, balıq yeminin 1kq- 4-12 manat arsında dəyişir. Amma,  it,quş saxlayan insanlar bu yemi kiloqramla deyil, kisəylə alırlar. İt yeminin  bir kisəsi 28- 40 manat, quş yemlərinin bir kisəsi isə 20-30 manat arasında dəyişir. Bu da həmin heyvanların çox yeməsindən irəli gəlir. Bu qiymətlər əsasən  malı gətirdiyimiz ölkədən, onun markasından asılı olur. Ən çox təlabat Fransa və Almaniya məhsullarınadır. Bu yemlər tərkibi əsasən doğranmış toyuq, mal və qoyunun ət və sümüklərinin tullantılarından hazırlanır. Buna dad vermək üçün isə, əlavə qatqılar qatılır. Dovşan, hinduşqa,  balıq  və s. kimi qatqılar buna misal ola bilər.  Bundan başqa resept xarakterli yemlər də var ki, onları  yalnız baytar məsləhəti ilə alırlar.  Hal-hazırda təlabat çox  böyükdür. Bu insanlarda bir həvəsdir, hobbidir. Yəni, alan  üçün qiymət fərqi yoxdur ".