80 həkim imtahanda qalib gəldi

2 Aprel 2013 18:15 (UTC+04:00)
"Mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan verən həkimlərin 80 nəfəri imtahanda müsbət nəticə göstərib. 70 nəfəri isə imtahandan kəsilib. İmtahanda ümumi 150 həkim iştirak edib".
Bu məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli verib. A. Qədirli test imtahanında uğur qazanan 80 həkimin müsahibə mərhələsinə buraxıldığını, aprelin 4-də
müsahibədən keçiriləcəklərini söylədi.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında təşkil olunan qəbul imtahanında iştirak etmək üçün həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb. Bir ay ərzində 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd verib. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 sualla imtahana çəkiliblər. Bunun 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Xatırladaq ki, bu ildən etibarən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.