Azərbaycan Cənubi Kiprin bank filiallarını ala bilər?!

3 Aprel 2013 11:20 (UTC+04:00)
Avrozonada hökm sürən uzunmüddətli iqtisadi böhran nəticəsində artıq yunan Kipri banklarının xarici filiallarını satışa çıxarmağa qərar verib. Təbii ki, Cənubi Kipr banklarının səhmlərinin satışa çıxarılması bir investor olaraq, Azərbaycanın da adını gündəmə gətirə bilər. Amma həmin ərazinin ofşor zona olduğunu və Avrozonada ehtimal olunan böhranı nəzərə alaraq ekspertlər Azərbaycanın belə addım atmasını indilikdə lazımlı saymırlar. İqtisadi Tədqiqatlara Yardım İctimai Birliyinin nümayəndəsi Samir Əliyev bildirir ki, Kipr Avropa ölkələrindən onunla fərqlənir ki, orda vergi yükü kifayət qədər aşağı idi: "O cümlədən, ora ofşor zona olduğuna görə, bir sıra ölkələrin maliyyə vəsaitləri, böyük maliyyəyə malik şəxslərin vəsaitləri Kipr banklarında yerləşdirilirdi. Ona görə də kifayət qədər pul yığılmışdı. İndi də Avropa vəziyyətdən çıxış yolu kimi hamıya məlum addımı atdılar. Bundan isə daha çox zərər çəkəb Avropa vətəndaşları yox, ondan kənarda, xüsusi ilə Rusiya oldu".
Ekspertin fikrincə, həmin bankların Azərbaycan tərəfindən alınması bir o qədər real deyil: "Çünki, bu gün Azərbaycan banklarının özünün xarici kapitala ehtiyacı var. Ölkədəki bankların yarısı xarici kapitallıdır. Bəzisi tam, bəzisinin isə müəyyən hissəsi. Bu gün Azərbaycanın elə bir bankı mövcud deyil ki, xarici banklardan paya malik olsun. Yalnız Beynəlxalq Bank və "Paşa Bank" var ki, onlar xarici ölkələrlə kifayət qədər əlaqələr qura biliblər. Amma onların özlərinin də vəziyyəti xarici banklarda payçı qismində iştirak etmək iqtidarında deyil. Odur ki, indiki dövrdə bir qədər gözləmək daha münasib olardı. Çünki, Kipr banklarının, o cümlədən Kiprin timsalında Avrozonada vəziyyət ürəkaçan deyil. Bu məsələ hələ bir müddət davam edəcək deyə, artıq problemlərin olması ehtimalı çox yüksəkdir. Ona görə də tələsik addım atıb Avropa banklarının aktivlərinin alınmasına dəyməz".
Digər iqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, Cənubi Kipr ofşor zona kimi tanınır: "Bu səbəbdən təkcə Rusiyadan il ərzində 100 milyard dollar xarici ofşor zonalara aparılır. Bu vəsaitlərin də əsas hissəsi Cənubi Kiprin himayəsində olan banklara qoyulub. Cənubi Kiprin himayəsində olan banklara Azərbaycan tərəfindən hansısa vəsaitin yatırılması, onun səhmlərinin alınması ilə bağlı danışıqlar ola biləcəyini güman etmirəm. Təbii ki, şirnikləndirici təkliflər ola bilər. Amma Azərbaycanın hökumətinin belə işlərə baş qoşması təhlükəlidir. Əslində Azərbaycanın özünün daxilində kifayət qədər maliyyə qoyulacaq sahələr var. İpoteka bazarına ən azı 5 milyard manata yaxın vəsait qoymaq imkanı var. Yaxın bir neçə ildə bunu həyata keçirmək lazımdır. Özəl sektora və regionların inkişafı üçün ildə 2 milyard manata yaxın vəsait qoymaq potensialımız var. Bununla da region əhlinin iqtisadi fəallığı artar. Beləliklə də indi Azərbaycanın xaricdə olan 50 milyard dolların bir hissəsi öz iqtisadiyyatına lazımdır. Xarici maliyyə qurumlarında yatırdığımız vəsaitlərin illik faizlik gəlirliyi 1 faizi keçmir. Bu gün ölkə daxilində biznes kreditləri 20, istehlak kreditləri isə 30 faiz civarındadır. Sahibkarlar da biznes kreditlərini maya dəyərinə əlavə edirlər ki, nəticədə biz vətəndaşlar daha bahalı şəhərdə yaşamağa məcbur oluruq. Ona görə də birinci, daxili işləri sahmana salmaq lazımdır ki, idxaldan asılı olan ölkəyə çevrilməyək".
Ekspert onu da bildird ki, Prezident İlham Əliyev bütün çıxışlarında daxili bazarı öz hesabımıza ayaqda saxlamağımızın vacibliyini qeyd edir: "Demirik ki, bananı burda istehsal edək. Amma Azərbaycanın coğrafi şəraiti, iqlimi ona imkan verir ki, biz özümüzü təmin edəcək bütün zəruri qida məhsullarını özümüzdə istehsal edək. Amma bunu edə bilməməyin kökündə o durur ki, banklar regionlarda vəsaiti baha verir. Xaricdə 1 faizlə saxlanılan vəsaitləri daxildə 2 faizlə versək, yaxşı olar. Ölkə üzünü xarici maliyyə siyasətindən çox daxili maliyyə siyasətinə çevirmiş olsa, nailliyyətimiz daha yaxşı olar".