Gənclərimiz təkliflərini BMT-yə təqdim ediləcəklər
3 Aprel 2013 12:14 (UTC+04:00)
BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin yeni inkişaf çərçivəsini
müəyyənləşdirmək üçün hazırlıq işlərinə başlanılıb. Bu barədə
məlumat Movqe.az-a "NUR" Uşaq və Gənclərin İctimai
Birliyindən verilib. Məlumata görə, Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi, "NUR" Uşaq və Gənclərin İctimai Birliyi və
UNİCEF-in Azərbaycandakı nümayəndəliyi "Bizim istədiyimiz dünya"
devizi altında ölkəmizin bir neçə rayonunda gənclərin müzakirəsini
təşkil edəcək. Bu toplantılarda 2015-ci ildən sonrakı əsas inkişaf
məsələləri ilə bağlı ölkə gənclərinin təklifləri müzakirəyə
çıxarılacaq. Şirvan, Lənkəran, Tərtər, Zaqatala və Bakıda
keçiriləcək toplantılarda yeni qlobal inkişaf məqsədləri müzakirə
olunacaq, müzakirələrin nəticəsi olaraq azərbaycanlı gənclərin
təklif və rəyləri hazırlanaraq, beynəlxalq müzakirələrə təqdim
ediləcək. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi
150 gənc iştirak edəcək. İlk milli gənclər müzakirəsi 5-6 aprel
2013-ci il tarixlərdə Şirvan şəhərində təşkil olunacaq. Qeyd edək
ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son
tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin
müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi
dairələr, kütləvi informasiya vasitələri, özəl sektor,
işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və
hökumət qurumları, o cümlədən BMT agentliklərindən təklif və
tövsiyyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı
məsləhətləşmələr həyata keçirir.