Suraxanı rayon qadınlarının növbəti konfransı keçirilib
3 Aprel 2013 14:20 (UTC+04:00)
3 aprel tarixində Heydər Əliyev Mərkəzinin Elektron lektoriya
zalında Suraxanı rayon qadınlarının növbəti konfransı
keçirilmişdir. Konfrans nümayəndələri əvvəlcə Heydər Əliyev
parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri
düzmüşlər. Daha sonra konfrans nümayəndələri Heydər Əliyev Mərkəzi
ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki. Mərkəzdə
Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin
müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və
eksponatlar nümayiş etdirilir.
Mərkəzin Elektron lektoriya zalında öz işinə başlayan konfransı
giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov
qeyd etmişdir ki, qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox
əhəmiyyətlidir. Ulu Öndərimiz Heydər Əliyev qadının rolunu və
fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə
yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq,
ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".
Son yüz ildə Azərbaycanın həyatında böyük hadisələr olubdur və bu
hadisələrdə qadınların rolu böyükdür. 20-ci əsrin əvvəllərində
Azərbaycan qadınları ilk dəfə seçmək və seçilmək hüququ almışlar.
Qadınlara verilmiş bu hüquq sonrakı illərdə reallaşdırılmışdır və
qadınlar Azərbaycanda həyatın bütün sahələrində özlərinə məxsus yer
tutmuşlar, bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın bütün
imkanlarından istifadə etmişlər.
Biz daim fəxr edirik ki, görkəmli qadın alimlərimiz, qadın
yazıçılarımız, görkəmli qadın müğənnilərimiz, bəstəkarlarımız,
incəsənət xadimləri, həkimlər, dövlət xadimləri, təsərrüfat, sənaye
sahəsində böyük işlər görən qadınlar vardır.
Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə
rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Azərbaycan
Respublikası Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu
olması təsdiq edilib. 1995-ci ildə Azərbaycan qadınlara qarşı hər
bir ayrıseçkiliyin ləğv olunması ilə əlaqədar Beynəlxalq
Konvensiyaya qoşulmuşdur. Ulu Öndər Heydər Əliyevin 14 yanvar
1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsini təsis edilmişdir. Bununla qadınlara əlavə səlahiyyət
verilmiş, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu
yaradılmışdır. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız
təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da
yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil
edirlər.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın şəxsi təşəbbüsü ilə böyük uğurla həyata keçirilən
müxtəlif layihələr ölkəmizdə təhsilin, elmin inkişafına, milli
mədəniyyətimizin qorunub saxlanılmasına və təbliğinə, ölkəmizin
hüdudlarından kənarda Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə
xidmət edir.
Azərbaycan qadınları ölkənin məşğul əhalsinin 48,4 faizni təşkil
edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3, orta ixtisas
təhsil müəssisələrində 77,4, ali təhsil müssisələrində 49,
həkimlərin isə 63,9 faizi qadınlardır.
Qadınlar ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edirlər.
Milli Məclisdə qadın deputatların vəkillərinin sayı getdikcə artır.
Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7
faizini qadınlar təşkil edirdisə, hazırda ölkə parlamentində
onların xüsusi çəkisi 16 faizdir.
Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən
5 dəfə artaraq 4194 nəfərə çatıb. Bələdiyyə üzvləri arasında
onların xüsusi çəkisi 26,1 faizdir. Əvvəlki bələdiyyə seçkilərində
bu göstərici 4 faiz idi.
Azərbaycanda qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən
ölkənin ictimai-siyasi həyatında aktiv rol oynaması vacib
məqamlardandır və bu bizim gələcək inkişafımız üçün çox
lazımlıdır.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda
qadın problemlərinə daim dövlət qayğısı göstərilir və gender
proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Azərbaycan
cəmiyyətində, ictimai-siyasi həyatda qadınların rolunun
artırılmasına dövlətimiz tərəfindən hər cür şərait yaradılır.
Konfransda Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı
rayon qadınlar şurasının sədri Tünzalə Süleymanova, Rayon
Ağbirçəklər şurasının sədri Səfiyyə Məmmədova və digərləri çıxış
edərək qadınların ölkəmizdə, cəmiyyətdə rolu haqqında ətraflı
danışdılar. Xüsusi vurğulandı ki, ölkəmizdə - Azərbaycanda qadına
hörmət günü-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə
rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini nümayəndəsi
Səbinə Talışinskaya, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar
Seyidov konfransın işində iştirak etmişdir.
Konfransda Respublika Qadınlarının qurultayına nümayəndələr
seçildi.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
konfrans iştirakçılarının ünvanladığı müraciətin mətni oxundu.