Əmək naziri şimal bölgəsində vətəndaşları qəbul edəcək

3 Aprel 2013 16:35 (UTC+04:00)
Movqe.az-ın məlumatına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və ölkənin müxtəlif bölgələrində mütəmadi olaraq vətəndaş qəbulları həyata keçirilir.

Bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü il aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, aprelin 12-də nazir Fizuli Ələkbərov ölkənin şimal bölgəsində vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) sakinlərinin nazirliyin fəaliyyət sahələrinə dair müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının və nazirlik yanında İctimai Şuranın üzvlərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq.

Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özündəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələrin müəyyən olunması da diqqətdə saxlanılacaq.

Qeyd edək ki, 2012-ci il və cari ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 19 dəfə vətəndaş qəbulu həyata keçirilib, 600 nəfərdən artıq vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb.