LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
3 Aprel 2013 09:00 (UTC+04:00)
Bəşəriyyətin inkişaf yolu belə bir həqiqəti tam şəkildə sübuta
yetirib ki, bütün əsas sahələr üzrə dinamik yüksəlişi şərtləndirən
başlıca məqam sosial-iqtisadi tərəqqi amili ilə üzvi surətdə
bağlıdır. Yəni, iqtisadi tərrəqi digər sahələrdə də inkişafın
yaşanmasının başlıca meyarı kimi çıxış edir. Müasir Azərbaycanın da
sürətli templər üzərində köklənən inkişafının əsas özüllərindən
birini məhz ölkəmizin yüksək dinamizmə əsaslanan iqtisadi tərəqqi
təşkil edir.
Bu iqtisadi tərəqqi Azərbaycanın inkişafınını kompleks xarakter
almasını təmin etməklə bərabər, onu həm də yeni keyfiyyət
mərhələsinə yüksəldib.
Yaşanan bu kompleks inkişafın əsas ünvanlarından biri də Şəmkirdir.
Ötən ilin sosial-iqtisadi yekunları da bunun real təsdiqi kimi
çıxış edir. Belə ki, Şəmkir rayonunda 2012-ci ildə bütün sahələrdə
nailiyyətlər əldə olunub. Azərbaycan Respublikası regionlarının
(2009-2013-cü illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramında
Şəmkir rayonu üzrə nəzərdə tutulmuş 17 tədbirdən 15-nin icrası ilə
bağlı işlər davam etdirilir.
2012-ci ildə rayonda 572 milyon 544 min manatlıq, 2011-ci ilə
nisbətən 28.9 faiz çox ümumi məhsul buraxılıb, adambaşına düşən
ümumi məhsul buraxılışının həcmi 21.8 faiz artaraq 2841 manat
təşkil edib. Sənaye müəssisələrində 19 milyon 632 min manatlıq,
kənd təsərrüfatında 226 milyon 167 min manatlıq, tikinti quraşdırma
sahəsində 245 milyon 100 min manatlıq məhsul buraxılıb. Pullu
xidmətlərin həcmi 16.7 faiz artaraq 64 milyon 840 min manat, əmtəə
dövriyyəsinin həcmi 15.3 faiz artaraq 234 milyon 900 manat
olub.
İl ərzində 602 fərdi yaşayış evi tikilib istifadəyə verilib, əsas
kapitala 278 milyon 951 min manat investisiya qoyulub. Rayonda 5247
iş yeri açılıb ki, onun da 874 daimi iş yeri olub. Son dörd ildə
(2009-2012-ci illər) 11513 iş yeri, o cümlədən 2980 daimi iş yeri
yaradılıb. Rayonun maliyyə sistemində davamlı tədbirlər həyata
keçirilib, 2012-ci il üçün yerli gəlir və xərclər 33 milyon 358 min
571 manat proqnozlaşdırılıb. Yerli gəlirlərin proqnoz tapşırığı 6
milyon 946 min 400 manat və ya 111 faiz yerinə yetirilib.
Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-ci illər) uyğun
olaraq rayonda yaşayan işsiz əhalinin daimi və müvəqqəti işlə təmin
olunmaları ilə bağlı bir sıra tədbirlər görülüb. "Ünvanlı Dövlət
Sosial yardımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 16
noyabr 2005-ci il tarixli fərmanına uyğun olaraq yoxsulluq
həddindən aşağı səviyyədə yaşayan 3179 ailənin 14 min 823 nəfər
üzvünə ünvanlı sosial yardım verilib.
Hesabat dövründə rayon üzrə 79 ümumtəhsil məktəbi (68 tam orta, 10
orta və 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil
müəssisəsi fəaliyyət göstərib. Azərbaycanın ümumtəhsil sistemində
başlanılan və uğurla davam etdirilən islahatlar rayonun təhsil
müəssisələrində təlim və tədris prosesinin inkişafına təkan verib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq rayonun
ümumtəhsil məktəblərinin maddi- texniki bazasının
möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib. Son illər
ərzində rayonun ümumtəhsil məktəblərindən 62-si yenidən tikilib və
əsaslı təmir olunub. Yeni tikilmiş 24 məktəb binasından 6-sı Heydər
Əliyev Fondunun vəsaiti hesabına tikilib.
2012-ci ildə Abbaslı kəndində 480 şagird yerlik, Şeidlər kəndində
180 şagird yerlik, Ceyrançöl kənd orta məktəbi üçün 80 şagird
yerlik, Düyərli kəndində 2 nömrəli orta məktəbin əsaslı təmiri və
480 şagird yerlik yeni korpusun tikintisi, Günəşli kənd orta
məktəbin binasının əsaslı təmiri başa çatdırılaraq şagirdlərin
ixtiyarına verilib. Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm
qəsəbəsində 480 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird
yerlik, Seyfəli kəndində 360 şagird yerlik yeni məktəb binalarının
tikintisi davam etdirilir, Dağ Cəyir və Yeni Göyçə kənd orta
məktəblərinin binalarının bərpa-gücləndirmə işləri ilə bağlı lahiyə
smeta sənədləri hazırlanır. Rayonun yeni istifadəyə verilmiş
məktəblərinə 25 ədəd kompüter, 19 ədəd noutbook, 20 ədəd proyektor
və 25 ədəd printer verilib.
Rayonun səhiyyə sistemində 11 xəstəxana, 32 həkim məntəqəsi, 27
tibb məntəqəsi, 1 təcili təxirəsalınmaz tibbi yardım stansiyası, 1
stamotoloji poliklinika və Gigiyena və Epidemiologiya mərkəzi
əhaliyə tibbi xidmət göstərib. İxtisaslaşmış tibb heyətinin köməyi
ilə bir sıra xəstəliklərin müalicəsi rayon daxilində həyata
keçirilir. Ətraf rayonlardan olan xəstələrin əksəriyyəti Şəmkir
rayonunun səhiyyə müəssisələrində müalicə olunur. Rayonun Ələsgərli
kəndində yeni həkim məntəqəsinin tikintisi həyata keçrilib. 2013-cü
ildə rayonda 150 çarpayılıq doğum evinin, poliklinika binasının
tikintisi, yoluxucu xəstəliklər xəstəxanasının və Kür qəsəbə
xəstəxanasının əsaslı təmiri nəzərdə tutulub. Hesabat dövründə
rayonun mədəniyyət sahəsində 29 mədəniyyət evi, 29 klub, 73
kitabxana, 1 uşaq musiqi məktəbi, 2 muzey və Heydər Əliyev mərkəzi
fəaliyyət göstərib. Mədəniyyət və Turizm şöbəsi tərəfindən
mədəniyyət müəssisələrinin fəaliyyəti normal təşkil olunub, əhaliyə
göstərilən mədəni xidmətin keyfiyyəti xeyli yaxşılaşıb. Rayon
ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin öyrənilməsi,
qorunması və bərpası ilə bağlı tədbirlər davam etdirilib.
Muxtariyyat kəndi yaxınlığında yerləşən qədim Şəmkir qalasında və
Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yerində
konservasiya işləri davam etdirilib. Hazırda Şəmkir şəhərində
1909-cu ildə Almanlar tərəfindən tilikmiş Lüteran kilsəsində əsaslı
təmir və bərpa işləri aparılır.
Respublikamızda həyata keçirilən ən böyük iqtisadi layihələrdən
biri olan Şəmkirçay dəryaçasının tikintisi davam etdirilib.
Ümumi su tutumu 175 milyon kub metr, bəndinin hündürlüyü 190 metr
olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir,
Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən
Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin
olunacaq.
Dəryaçadan Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xətlərinin
çəkilişi davam edir. Şəmkirçay dəryaçasından qidalandırıcı kanalın
və magistral kanalların çəkilişi də sürətlə davam etdirilir.
Kanalların qarşısında 5 və 7 meqovat gücündə iki hidroturbin
quraşdırılacaqdır. Dəryaçanın qarşısında tikiləcək su elektrik
stansiyasında 49 meqavat elektrik enerjisi istehsal
olunacaqdır.
Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev Şəmkirçay
dəryaçasının tikintisinin 2014-cü ildə başa çatdırılmasının
vacibliyini vurğulayıb. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 15 iyul 2011-ci il tarixli 194 nömrəli sərəncamı ilə
Şəmkir şəhərinin içməli su xəttinin çəkilişinə və kanalizasiya
sisteminin yenidən qurulmasına başlanılıb. Hazırda "Azərsu"
tərəfindən şəhərin içməli su təchizatı sisteminin yenidən qurulması
işləri davam etdirilir. Sərxan massivində ümumi su tutumu 11 min
kub metr olan 4 su anbarının tikintisi başa çatdırılıb.
Bundan başqa Şəmkirçay dəryaçasından gələn suyu qəbul etmək üçün
Şəmkir şəhərində su tutumu 3 min kub metr olan anbarın tikintisi
nəzərdə tutulub. "Akkord" şirkəti tərəfindən Şəmkir şəhərinə içməli
su xəttinin və şəhərin kanalizasiya xətlərinin çəkilişi davam edir.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2012-ci il tarixli
sərəncamına uyğun olaraq Bakı-Qazax magistral avtomobil yolundan
Kür qəsəbəsinə gedən 12 km-lik yolun tikintisinə üç milyon manat
vəsait ayrılmışdır. "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti
tərəfindən yolun tikintisi başa çatdırılıb. Şəmkir şəhərinin
mərkəzində avtomobillərin hərəkətinin intensivliyini azaltmaq
məqsədilə şəhər ətrafından keçən 9.7 km-lik dairəvi
(Şəmkir-Gədəbəy) yolun tikintisi başa çatdırılıb. Rayonda geniş
quruculuq və abadlıq işləri aparılır.
Şəmkir şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının,
ətrafındakı 14.5 hektar sahəsi olan parkın, gənclər mərkəzinin,
bayraq meydanının ətrafda olan 4.5 hektarlıq parkın, beş mərtəbəli
mehmanxana binasının, Bakı Oksford məktəbinin uşaq bağçasının və
abidələr parkının tikintisi davam etdirilir. Şəmkir rayonu
respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından
biridir.
Rayon üzrə 181 min 610 hektar torpaq sahəsi vardır. Bundan 59 min
504 hektarı dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə
mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə olan
torpaqlardır.
Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 130 hektarı
suvarma suyu ilə təmin edilib. 2012-ci ildə 17 min 102 hektar
sahədə taxıl əkilib. Əkilmiş sahələrdən 65 min 333 ton məhsul əldə
olunub. Hər hektardan məhsuldarlıq 38,2 sentner təşkil edib. Bu
respublika üzrə ən yüksək göstərici olub. Taxıl biçini optimal
müddətdə itkisiz başa çatdırılıb. Bu işdə "Aqrolizinq"in Şəmkir
filialının kollektivinin böyük əməyi olub. 2013-cü ilin məhsulu
üçün 19 min 20 hektar sahədə taxıl səpilib. Bu da keçən ilin eyni
dövrü ilə müqayisədə 4554 hektar və ya 31.5 faiz çoxdur. Taxıl
sahəsinin 5 min hektarı "Azərtoxum" tərəfindən rayonun Ceyrançöl
qış otlaq sahəsində əkilib. Rayonda bostan, tərəvəz və meyvə
istehsalında yüksək məhsuldarlıq əldə olunub. Rayonun
iqtisadiyyatında xüsusi yeri olan Şəmkir Quşçuluq fabrikinin
fəaliyyəti bərpa olunub.Rayon əhalisinin fasiləsiz elektrik
enerjisi, təbii qaz və içməli su ilə təmin olunması məqsədilə
tədbirlər davam etdirilib. Digər sahələr üzrə də sürətli tərəqqi
qeydə alınır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap
olunub.