Azərbaycan Kommunist Partiyasının Nəriman Nərimanovun anadan olmasının 148-ci ildönümü münasibətilə tədbir keçirib

16 Aprel 2018 10:05 (UTC+04:00)

Azərbaycan Kommunist Partiyasının üzvləri 14 aprel 2018-ci il tarixində Azərbaycan xalqının böyük oğlu, alovlu inqilabçı Nəriman Nərimanovun anadan olmasının 148-ci ildönümü münasibətilə onun Bakı şəhəri Yasamal rayonunda yerləşən abidəsi önünə toplaşmışlar. Movqe.az xəbər verir ki, KPİ-Sov. İKP Mərkəzi Şurasının üzvü, Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov təntənəli tədbiri açıq elan edərək, mitinq iştirakçılarına  N.Nərimanovun inqilabı fəaliyyətindən, onun Azərbaycan dövləti və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edən geniş məzmunlu çıxış etmişdir. Natiq çıxışında beynəlxalq aləmdə baş verən hadisələrə və o cümlədən 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərinə də diqqət ayırmışdır. 
AKP MK sədri prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan KPİ-Sov. İKP Siyasi Şurası sədrinin birinci müavini, RF Dövlət Dumasının deputatı K.Taysayevin aprelin 10-da partiya fəalları ilə AKP MK-da keçirilən görüşü barədə də mitinq iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirdə  Azərbaycan KP MK  üzvləri,  AKP Bakı şəhəri rayon komitələrinin rəhbər işçiləri, komsomolçu gənclər, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, müharibə və əmək veteranları da iştirak etmişlər. 
Mitinq iştirakçıları N.Nərimanovun abidəsi önünə AKP MK adından əklil və tər qərənfil dəstələri qoymuşlar.
Nəriman Nərimanovun 148-ci ildönümü ilə əlaqədar tədbirlər AKP-nin Respublikada fəaliyyət göstərən digər rayon-şəhər təşkilatlarında da qeyd edilmişdir.