Dilimizə qəsd edənlər...

4 Aprel 2013 08:54 (UTC+04:00)

Aydın Xan: "Ana dilimizin bütün qollarının inkişafını istəyiriksə, mütləq ona azadlıq vermək, inkişafının qayğısına qalmaq lazımdır"

Təəssüf ki, son zamanlar ana dilimiz yad sözlərlə daha çox "zənginləşməkdədir". Nədənsə müstəqillik əldə etdiyimizdən üzü bəri min illik tarixi olan dilimizi indi bəziləri ingilis sözlərilə əvəz etməyə daha çox üstünlük verir. Sovet dövründə rus sözlərini çox işlətdiyimiz kimi, indi də nədənsə dilimizdə əsasən ingilis sözləri işlədilir. Bundan əlavə, ölkənin telekanallarında efirə gedən bəzi verilişlərdə, eləcə də qəzetlərdə bir çox hallarda Azərbaycan dilinin qrammatikası pozulur.

Belə vəziyyət isə son nəticədə leksikona mənfi istiqamətdə ciddi təsir göstərir. Buna isə yol vermək olmaz. Görəsən, dilimizdə yad sözlərin belə çox işlənilməsi nə ilə bağlıdır? Bu proses nə kimi problemlərə yol aça bilər? Onun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Yazar Səfər Alışarlı dilimizin yad sözlərlə "dolmasını" kompüter proqramları ilə əlaqələndirdi: "Bəzən yaranan dil xətalarına görə heç kim məsuliyyət daşımır. Bu sahədə böyük bir xaos yaşanır, sanki dövlət dilinin işlənmə sferalarına heç bir rəsmi və ya qeyri-rəsmi qurum nəzarət etmir. Hərçənd ki, Akademiyada Dil İnstitutu var. Amma bu təşkilatın hələ dillə bağlı hansısa prinsipial məsələyə müdaxilə etdiyini kimsə görməyib. Dillə bağlı çox işlər görülməlidir. Bizim orfoqrafiya lüğətlərimizdə ən adi yeni sözlər yoxdur, onların kompüter proqramları səviyyəsində yayılması yoxdur. Təsəvvür edin ki, çıxan çap mətbuatı proqramlaşmada hələ də kiril əlifbasından istifadə edir. Bizdə hətta latın şriftlərinə uyğun 8 hərfi dizayn edə biləcək proqramçı yoxdur. Kompüterdə 200 şrift növündən bizim əlifbamıza uyğunlaşdırılmış 6 şrift mövcuddur, onları da tapmaq çətindir. Bilirsiniz ki, müasir dövrdə sosial şəbəkələr, internet vasitəsilə əlaqə və ünsiyyət geniş yer tutur. Bu yolla da bir çox insanlar öz dilindəki bəzi sözləri unudaraq onu əcnəbi dillə əvəz edirlər. Belə olan şəraitdə ana dilində kompüter proqramlarına üstünlük verməliyik ki, dilimizi yad ünsürlərin hücumundan qoruya bilək. Ona görə də ədəbi dil normalarının islahatı keçirilməli və dilimiz Türkiyə türkcəsinin fonetik, morfoloji və sintaktik normalarına müəyyən qədər uyğunlaşdırılmalıdır. Türkiyə türkcəsinə də bu yöndə dil islahatları təklif edilməlidir".

Fəlsəfə elmləri doktoru, professor, yazıçı-dramaturq Firuz Mustafa hesab edir ki, dilimizin yad ünsürlərdən təmizlənməsi birinci növbədə insanın özünün şəxsi istək və arzularından asılıdır: "Paytaxtda özəl sektorda aparıcı dil rus dilidir. Banklarda, şirkətlərdə ünsiyyət dili kimi rus dili aparıcıdır. Dilimizin əcnəbi sözlərlə "zənginləşməsinin" kökündə insanlarımızın özlərini başqalarına oxşatmaq sevgisi dayanır. İnsanlar elə başa düşür ki, başqa dildə olan sözlərlə ana dilimizi zənginləşdirməklə özlərinin mənəvi və bilik baxımından zəngin olduqlarını göstərə bilirlər. Əslində isə bu, belə deyil. Mənəvi cəhətdən zəngin olan insan birinci növbədə öz dilində saf və təmiz şəkildə danışmağa bacarmalıdır. Dilimizdə yad sözlərin çox işlənməsi istər-istəməz təhlükəli tendensiyadır. Bu hal hazırda ana dilində işlədilən bir çox sözlərin bir müddətdən sonra tamamilə unudulmasına gətirib çıxara bilər. Belədə isə son nəticədə prosesdən ana dilimiz uduzur. Bəziləri bu qənaətdədir ki, ana dili sahəsində tənzimləmə yaratmaq üçün dil polisinin yaradılmasına ehtiyac var. Amma bu fikri bölüşmürəm. Dilimizin yad ünsürlərdən təmizlənməsi işini bu sahə üzrə ixtisaslaşmış QHT-lər həyata keçirə bilər. Onlar bunu ictimai nəzarət və ictimai qınaq şəklində görə bilərlər. Bir də insanlarda milli təfəkkürün inkişaf etdirilməsi lazımdır. Milli təfəkkür inkişaf edərsə, avtomatik olaraq vətəndaşlarımız fikir ifadə edən zaman yad sözlərlə danışmağı yadırğayacaqlar. Həmçinin dilimizi yad sözlərlə "zənginləşdirənlər" ictimai qınaq obyektinə çevrilməlidirlər ki, onlar bu əməllərində peşman olsunlar.

Bu sahədə televiziyaların üzərinə böyük iş düşür. Amma təəssüf ki, bir sıra hallarda televiziya aparıcıları tərəfindən belə ana dilinin danışıq tərzi pozulur. Həmçinin, Azərbaycan dili dərslərinin tədris saatları artırılmalı, ali məktəblərin bütün fakültələrində nitq mədəniyyəti fənninin tədrisinə önəm verilməli, respublika üzrə vahid nüfuzlu Dil Qurumu yaradılmalı, televiziyalarda bədii şuralar bərpa olunmalı, orfoqrafiya, orfoepiya lüğətlərinin vaxtaşırı çap olunmasına xüsusi diqqət yetirilməlidir".

Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan isə qeyd etdi ki, cəmiyyətimizdə ana dilinin geniş yer tutması üçün ictimai-sosial düşüncədə, cəmiyyətin bütün qatlarında ana və dövlət dilimizə xüsusi sayğı olmalıdır: "Eləcə də ən çevik informasiya resurslarında-İnternet, sosial şəbəkələr, yazılı və elektron KİV-də dövlət dilinin işlənməsinə xüsusi diqqət ayırmaq lazımdır. Əgər ana dilimizin bütün qollarının inkişafını istəyiriksə, mütləq ona azadlıq vermək, inkişafının qayğısına qalmaq lazımdır. Nəzərə alaq ki, dilimizin bir çox üslubi istiqamətləri, məsələn, elmi, fəlsəfi, tbbi, rəsmi, hərbi, texniki və innovativ qolları hələ lazımınca inkişaf etdirilməyib".