Məhkəmə 64 yaşlı arvadının ona xəyanət etdiyini deyən axundun atası ilə bağlı qərar verdi

16 Aprel 2018 14:39 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məscidin həyətində tanışını bıçaqlamaqda təqsirləndirilən 1957-ci il təvəllüdlü Faiq Davudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Movqe.az report-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktı elan olub.

İttaham aktına əsasən, F.Davudov həyat yoldaşı 1953-cü il təvəllüdlü Fəridə Davudovanın tanışı, 1994-cü il təvəllüdlü Kamran Məmmədovla sevgili olmasından şübhələnib. O, Bülbülə qəsəbəsində yerləşən Cümə məscidinin həyətində K.Məmmədovu kürəyindən bıçaqlayıb.

Ekspertin rəyinə görə F.Davudov hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub.

Elan olunmuş ittiham üzrə F.Davudov özünü təqsirli bildiyini deyib: "Kamranı vurmuşam, cinayətlə məşğul idi. Papaq söhbətidir, namus məsələsidir".

Daha sonra onun həyat yoldaşı F.Davudova ifadəsində qeyd edib ki, K.Məmmədovla arasında hər hansı münasibət olmayıb.

K.Məmmədov dindirilən zaman söyləyib ki, internatda böyüyüb və hadisə baş verən məsciddə xidmətçi işləyib: "Faiqi oğlu Salehə görə bağışlayıram. O, mənə çörək verib".

F.Davudovun oğlu, məscidin axundu Saleh Davudov ifadəsində bildirib ki, hadisəni görməsə də, sonradan kameradan video-görüntülərə baxıb.

Hakim bildirib ki, F.Davudov axırıncı dəfə 10 il əvvəl xəstəxana şəraitində müalicə olunub. Həmin zaman ekspert onun cəmiyyət üçün təhlükəli olması barədə rəy verib.

Şahidlər ifadə verdikdən sonra istintaq tamamlanıb.

Məhkəmə kollegiyasının hökmü ilə F.Davudovun psixoloji müalicə alması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə qərar verilib.