Yaxın Şərq gərginliyi «qara qızıl»ın qiymətini yenidən 100 dollarlıq həddə çatdırır

17 Aprel 2018 09:40 (UTC+04:00)

Rusiya və Qərb arasında artan ziddiyyətlər daha gərgin hal almağa başlayır. Bu vəziyyətdə iddialar səslənir ki, neft qiymətləri yenidən 100 dollarıq həddi keçəcək. Çünki tərəflər neftlə zəngin ərb dünyasında üz-üzə gəlir. Neftin qiymət ilə bağlı proqnozların reallığa çevrilməsi mümkündürmü və bu digər istehsalçı ölkələrə nə vəd edir? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünmür ki, neftin qiyməti 100 dollarlıq həddi keçə biləcək: “Yaxın Şərqdə baş verən siyasi proseslər neftin dünya bazarında qiymətində artımlara gətirib çıxarıb. Təbii ki, Yaxın Şərqdəki mövcud şəraiti nəzərə alsaq, hələlik neftin dünya bazarındakı qiymətinin 100 dolları keçməsi ehtimalı olduqca azdır. İndiki halda bu real deyil. Əslində, indi neftin dünya bazarında baş verən qiymət artımları Yaxın Şərq regionunda cərəyan edən gərginliklə bağlıdır. 
ABŞ və onun müttəfiqlərinin Suriyadakı bir sıra obyektləri bombalaması, bu fonda da Vaşinqtonla Moskva arasında gərginliyin daha da kəskinləşməsi öz təsirini neftin dünya bazarındakı qiymətlərinə də göstərib. Suriyadakı gərginlik bu fonda genişlənib, daha çox ərazi və ölkələri də öz ağuşuna alarsa, yaranmış vəziyyətdə neftin dünya bazarındakı qiymətinin yenidən yüksəlməsi gözləniləndir. Hələliksə, müşahidə olunan ondan ibarətdir ki, Qərb Yaxın Şərqdə gərginliyin kəskin şəkildə böyüməsində maraqlı deyil. Bununla belə, yaşanan gərginlik bazarlarda istər-istəməz narahatçılıq yaradır ki, bu da öz növbəsində təsirini “qara qızıl”ın qiymətində göstərir. 
Təbii ki, qiymətin bahalaşması neft istehsal və ixrac edən ölkələr üçün vacibdir. Bu faktın baş verməsi həmin ölkələrin gəlirlərinin artması, büdcəsinə əlavə vəsaitlərin daxil olması deməkdir. O baxımdan qiymətlərdə kəskin artımlar olarsa, bu da nəticə etibarı ilə neft istehsal edən ölkələr, o cümlədən Azərbaycanda valyuta ehtiyatlarının artmasına gətirib çıxara bilər. Dünya bazarında neftin hətta 1 dollar bahalaşması belə ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Bu mənada ölkəmiz üçün də yüksək neft qiymətləri arzuolunandır. Amma sözsüz ki, qiymətlərin süni şəkildə artması və ardınca kəskin azalmalarla müşahidə edilməsi də arzuolunan deyil. Bu səbəbdən məqsədəuyğun variant bazar qiymətlərinin formalaşmasıdır. Mövcud bazar qiymətləri isə 60-70 dollar intervalında dəyişir. Ona görə də Yaxın Şərqdəki gərginlik aradan qalxarsa, neftin dünya bazarındakı qiymətinin 60-70 dollar intervalında hərəkət edəcəyini müşahidə edəcəyik. Amma gərginlik qiymətlərdə yeni bahalaşmaya səbəb ola bilər”.  
Xəzər Universitetinin neft-qaz geosiyasəti üzrə professoru Fuad Rəsulov isə bu qənaətdədir ki, neftin qiyməti hətta 200 dollara çata bilər: “Neftin hazırkı situasiyada 100 dollarlıq həddi keçib-keçməyəcəyilə bağlı verilən sual əslində, iqtisadiyyatdan uzaq sualdır. Suriyada baş verən hadisələrin, Qərblə Rusiya arasında qarşıdurmanın, yəni siyasi proseslərlə bağlı olaraq cərəyan edən hadisələrin nəticəsidir ki, hazırkı anda neftin qiyməti qalxır. 
Hazırda ABŞ və Rusiya heç də nerftin qiyməti barədə düşünmür. Onlar sadəcə, siyasi cəhətdən öz mövqelərinin möhkəmlənməsi istiqamətində çalışırlar. Sözsüz ki, bu addımların nəticəsi olaraq təhlükələr də artır. Yəni, Suriyada daha ciddi savaşın başlanması təhlükəsi heç də aradan qalxmayıb. Məhz həmin təhlükədən irəli gələrək “qara qızıl”ın qiyməti də bahalaşır. Bu fonda neftin qiymətinin 100 dollara çatması üçün hər hansı bir iqtisadi əsas mövcud deyil. Amma bu barədə dəqiq heç kim bir söz deyə bilməz. Ola bilsin, bir neçə gündən sonra Suriyada vəziyyət dəyişsin və tərəflər danışıqlara getsin. Onda yaşanan gərginlik də azalacaq və həmin an neftin qiyməti də enəcək. Yəni, təhlükənin sovuşacağı təqdirdə, qiymətlər yenidən aşağı düşməyə başlayacaq və yaxud mövcud səviyyədə qalacaq. Müharibə başlasa, bəlkə də, neftin qiyməti 200 dollara qalxacaq”.
Rüfət NADİROĞLU