Şəmkir, Tovuz və Tatlı stansiyalarının baş yolları əsaslı təmir olunur

17 Aprel 2018 11:55 (UTC+04:00)

Şəmkir, Tovuz və Tatlı stansiyalarının baş yollarının əsaslı təmirinə başlanılıb.

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a bildirilib ki, aprelin 17-də Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yollarının əsaslı təmirinə başlanılıb. Ümumilikdə 3,3 kilometr dəmir yolu təmir olunacaq. Təmir işləri 4 gün davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 2015-ci il aprelin 14-də də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometrlik hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 519 kilometr dəmir yolu əsaslı təmir olunub.