Köhnə avtomobillərin bahalaşması gözlənir
4 Aprel 2013 12:30 (UTC+04:00)
Məlumdur ki, hazırda Azərbaycana istismarda olmuş maşın ən çox
qonşu Gürcüstadan idxal olunur. Amma sözügedən bazarın bağlanma
təhlükəsi var. Belə ki, Rustavidəki "AUTOPAPA" avtomobil bazarının
baş direktoru Yevgeniy Ustinov bildirib ki, hazırda Gürcüstanda
avtomobil bazarı kommersiya baxımından sərfəli deyil və
perspektivsizdir. Çünki, həmin avtomobil bazarının tikintisinə
Ukraynanın "Privatbank"ı kredit verib. Lakin "AUTOPAPA" avtomobil
bazarından gələn gəlir kreditin qaytarılmasına yox, yalnız onun
faizlərini ödəməyə yetir. Bəzi ekspertlərin fikrincə isə məhz bu
səbəbdən bazar bağlana bilər. Amma ekspertlər həmçinin həmin
bazarın bağlanacağı təqdirdə Azərbaycanın maşın bazarına o qədər də
təhlükə yaratmayacağını da bildirirlər. İqtisadçı ekspert Zöhrab
İsmayılın fikrincə, Gürcüstandakı maşın bazarı bağlanarsa,
ölkəmizdə köhnə avtomobillərin qiyməti qalxa bilər: "Çünki, əgər
qiymət etibarı ilə götürsək, ölkəyə yeni avtomobillər daha çox
gəlir. Onların da qiymətləri bahadır. Yəni, bu gün bazarda yeni
istehsal olunmuş avtomobillərin payı daha çoxdur. Ancaq istismarda
olmuş Gürcüstanda gətirilən avtomobillərin payı da az deyil. Ona
görə əgər o bazar bağlansa, təbii ki, Azərbaycanda da istifadə
olunmuş avtomobillərin qiyməti qalxacaq. Düzdür, rəqabət üçün yeni
avtomobil satan şirkətlər müəyyən güzəştlər edirlər. Belə olan
təqdirdə onlar da həmin güzəştlərdən imitina edə bilərlər. Ancaq
ümumiyyətlə götürdükdə, Gürcüstanda maşın bazarı bağlansa da, bu, o
demək deyil ki, Gürcüstana avtomobillər gətirilməyəcək və ordan da
Azərbaycana gəlməyəcək. Bu, hansısa bazardan asılı olan məsələ
deyil. Həmin bazar bağlanacaq, ola bilsin başqa bazar açılacaq.
Əvvəl orda bir bazar var idisə, indi bir neçəsi var".
Ekspertin öszlərinə görə, ən yaxşısı odur ki, biz ümumiyyətlə,
idxal proseslərində islahatlar aparaq: "Xüsusi ilə də avtomobil və
texnikanın rüsumları aşağı salınmalıdır. Həm də lap yaxşı olar ki,
biz Ümumdünya Ticarət Təşkilatına daxil olaq. O halda ƏDV-dən,
böyük vergilərdən azad olarıq".
Nəqliyyat üzrə ekspert Seymur Yunusov bildirir ki, qiymətlər o
qədər də ciddi qalxmayacaq: "Çünki, ildən - ilə həm yeni
avtomobillərin həm də brendlərin satışı artıb. İndi orta sinif
brendlərin də bazarda təmsilçiliyi artıb. Yəni, alıcıların
alternativi var. Ona görə də qiymətlərin kəskin artmasını gözləmək
olmaz. İkinci məsələ də odur ki, əvvəl Azərbaycanın daxili
bazarında avtomobil azlığı var idi. Amma bu gün bazarda avtomobil
bolluğu hökm sürür. Yəni, xeyli müddət əldə olan avtomobillərin
alınıb – satılması ilə bazarda tələbat ödənilə bilər. Bu da
qiymətlərin artmamasına bir müddət öz təsirini göstərəcək. Keçən il
ölkəmizə rekord həddə - 101 min avtomobil gətirildi. Onun da
təxminən yarısı yeni avtomobillərdir. Onun da get - gedə çəkisi
artır. Bu da müəyyən bir həddə qədər gedəcək. Lakin Gürcüstanda hər
şey "Rustavi bazarı"ndan asılı deyil. Burada artıq çoxlu sayda
şəxslər və firmalar var ki, onlar da avtomobil gətirib satırlar.
Çox insanlar maşını gedib birbaşa gəmidən düşən kimi götürürlər.
Həm də "Rustavi bazarı"nın çəksini araşdırmaq lazımdır. Əvvəl onun
çox ola bilərdi. Ancaq indi həmin çəki aşağı düşüb. Bəlkə də
bazarın bağlanma təhlükəsinə səbəb, orada artan rəqabətdir. Maşın
gətirən kənar şəxslər alveri özlərinə cəlb edə biliblər. Ola
bilsin, bu səbəbdən bazarın vəziyyəti ağırdır".