Elmar Məmmədyarov Kanada Parlamentinin İcmalar Palatası spikerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

4 Aprel 2013 16:52 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, bu gün xarici işlər naziri Elmar Məmmədyarov Kanada Parlamentinin İcmalar Palatası spikerinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

 

Nazir qonaqları salamlamış və Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyətindən məmnunluğunu bildirib. Xarici işlər naziri Elmar Məmmədyarov parlament diplomatiyasının effektivliyini qeyd edərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından iki ölkənin parlamentləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayıb və bu səfərin iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyini bildirib. 

 

Kanada Parlamentinin İcmalar Palatası spikerinin müavini Barri Devolin öz növbəsində ölkəmizə səfərindən məmnun olduğunu və ölkəmizdə gedən dinamik iqtisadi inkişafdan təsirlərindiyini bildirib. Azərbaycan-Kanada əməkdaşlığının müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı və neft-qaz sahələrində inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edən Barri Devolin, Azərbaycanda tolerantlıq ənənələrinin və çoxmədəniyyətliliyin əhəmiyyətini vurğulayıb. 

 

Görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.