Bakı sakinləri hansı filmləri izləyirlər? - SORĞU

12 Noyabr 2018 09:30 (UTC+04:00)

"Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib".

Bəs Bakı sakinləri bu qəliz və vacib məsələyə necə baxır? Paytaxt əhlinin sevimli film janrı hansıdır? 

Movqe.az milli.az-a istinadən  "ACT Azərbaycan" bu mövzuda keçirdiyi sorğunun nəticələrini təqdim edir.

Bakı sakinləri daha çox gülməyi sevir. Belə ki, sorğu iştirakçılarının 4-də 1-i (24 %) komediya janrında çəkilmiş filmləri izləyir. Dinamikasevərlər və romantiklər eyni saydadılar. Belə ki, döyüş motivli və romantik sevgi filmlərini rəyi öyrənilənlərin təxminən 5-də 1-i bəyənir (hər biri 19 %). Tarixi süjet xətti olan filmlər də Bakı sakinlərinin maraq dairəsindədir (16 %).

 

Sorğuda cəsarətli respondentlər nisbətən azlıq təşkil edib. Çünki rəyi öyrənilmiş hər 10 nəfərdən yalnız 1-i qorxu filmlərini izləyir (10%). Nostalji hisslərlə yaşayanlar da bu sorğuda yer alıb. Onların izlədiyi sovet istehsalı filmlər sorğuda 8 % səs toplayıb. Kriminal motivli filmləri sevənlər eyni saydadır (8 %). Drama həvəskarları isə digərlərinə nisbətən azdır (7 %). 5 % respondent üçün fantastik filmlər daha cəlbedicidir. 

Rəyi öyərnilmiş respondentlərdən hər 10 nəfərdən 1-i isə, ümumiyyətlə, film seyr etmir.

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.