Bu gün 12 məhkumun gözündə cərrahiyyə əməliyyatı aparılıb

5 Aprel 2013 12:13 (UTC+04:00)

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubleyi münasibəti ilə cümə günü Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin müalicə müəssəsində Milli Oftolmalogiya Mərkəzinin xüsusi səyyar oftolmoloji müayinə və əməliyyat blokunda mərkəzin əməkdaşlarının iştirakı ilə 12 məhkumun gözündə cərrahiyyə əməliyyatı aparılıb, 30 məhkum əlavə oftolmoloji müayinələrə cəlb olunub.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev Movqe.az-in əməkdaşına bildirib ki, Pentensiar müəssələrdə saxlanılan məhkumlar arasında göz xəstəliklərini vaxtında aşkar etmək və adekvat tibbi yardım göstərmək məqsədilə Milli Oftolmologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə geniş ixtisaslaşdırılmış tibbi müayinələr təşkil edilib.

Onun sözlərinə görə, mart- aprel ayları ərzində 80-nə yaxın məhkumun görmə orqanı müasir avadanlıqlar vasitəsilə müayinə edilib, 10-a yaxın məhkum daha dəqiq avadanlıqlarla müayinə olunmaq üçün Milli Oftolmalogiya Mərkəzinə göndərilib.

Məhkumların görmə orqanlarında yaranan xəstəliklərin müasir tələblərə cavab verən səviyyədə müalicəsini təmin etmək üçün PX-in Tibb Baş İdarəsi tərəfindən Milli Oftolmalogiya Mərkəzi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Mehdiyev bildirib ki, 2013-cü ilin müxtəlif dövrlərində cəzaçəkmə müəssisələrinin 12 məhkumu Milli Oftolmologiya Mərkəzinin müşahidəsi ilə cərrahiyyə əməliyyatı olunub, 24 məhkum müxtəlif əlavə müasir müayinələrə cəlb olunub.

Mərkəzin mütəxəsisiləri cəzaçəkmə müəssələrində 128 məhkuma tibbi baxış və oftolmoloji müayinə həyata keçirib. Bu əməkdaşlıq məhkumlara yüksək səviyyəli oftolmoloji yardımın təmin edilməsində köməklik göstərir.