Internet televiziyaları fəaliyyətləri tənzimlənmədən yayımlanacaq

5 Aprel 2013 18:46 (UTC+04:00)

Azərbaycanda son dövrlər elektron medianın sayının nəzərəçarpacaq dərəcədə artması aydın müşahidə edilməkdədir. Bu sıraya internet televiziya və radioları da aiddir. Hazırda müzakirə mövzusuna çevrilən başlıca məqamlardan biri internet televiziylarının fəaliyyətinin necə tənzimlənəcəyidir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov ölkəmizdə internet televiziyalarının tənzimlənmsəsinin yaxın gələcəkdə mümkün olmayacağını bildirir. Mövqe.az-a açıqlamasında o qeyd edib: "Hələ ki belə bir şey planlaşdırılmayıb. İnternet televiziyaların fəaliyyətini Avropa ölkələri və digərləri də tənzimlənməyib. İnternet televiziyasının tənzimlənməsi üçün yollar bütün ölkələrdə və həmçinin bizdə də axtarılır. Hələ ki bu məsələdə yenilik yoxdur. Yaxın gələcəkdə internet televiziyaların tənzimlənməsi gözlənilmir".

Media üzrə ekspert Elçin Əlibəyli internet televiziyaların fəaliyyətinin tənzimlənməsi ilə qeyd edir: "Dünyada internet televiziyası özünün dəqiq formatını formalaşdıra bilməyib. Televiziyanın yayımında əsas götürülən cəhət, yəni, tamaşaçı auditoriyasının müvafiq siqmentinə müraciət internet televiziyası vaitəsilə mümkün deyil. İnternet televiziyası ilə bağlı anlayış həm dünyanın özü üçün, həm də ki, Azərbaycan üçün tamamilə yenidir. Televiziyanın mahiyyəti müəyyən vaxt çərçivəsində hər hansı bir verlişi təqdim etmək idi. Artıq internet televiziyalarında o vaxt anlayışı yoxdur. Ümumilikdə format dəyişir. Azərbaycanda internet istifadəçilərinin ona televiziya kimi yanaşması vaxt tələb edən məsələdir. Lakin zaman göstərir ki, internet televiziyası əgər bir il öncə adi söhbət idisə, indi artıq bütün dünyada qaçılmaz gerçəkliyə çevrilir. İnternet televiziyanın tənzimlənməsi adi televiziyadan çox fərqli və müşkül prosesdir. Məsələn, mən dünyanın istənilən nöqtəsində internet televiziyası yarada bilərəm və onun auditoriyası da istənilən yerdən ola bilər. Buna heç bir məhdudiyyət qoyulmur. Bu cəhətdən də tənzimlənmək çətindir.

Lakin hesab edirəm ki, ölkə daxilində internet televiziyaların tənzimlənməsi mümkün ola bilər. Bunun üçün "Reklam haqqında" qanuna "yalnız müvafiq razılıq və lisenziya əldə etmiş internet televiziyalarında reklam yerləşdirmək olar" kimi maddə artırılmalıdır. Qanunvericilikdə belə bir dəyişiklik baş verərsə, bu proses real ola bilər. Başqa cür məhdudlaşdırmaq mümkün deyil. Çünki televiziyaların əsas gəliri reklamlardandır. Digər tərəfdən bir məsələ də aydındır ki, Azərbaycan reklamvericiləri mütləq internet televiziyasının səviyyəsini, onu izləyən tamaşaçı kütləsini, İP girişinin sayını da, ümumiyyətlə hər bir şeyi tam hesabladıqdan sonra həmin televiziyaya reklam verəcəklər. Başqa üsulla o televiziyanın yaşaması çətin olar".

"Bu gün Azərbaycanda hansı internet televiziyanın fəaliyyətini daha uğurlu hesab etmək olar" sualını Е. Əlibəyli belə cavablandırdı: "Nəzərə alsaq ki, hələ bu məsələyə təzə başlanılıb, bir neçə televiziyanına adını çəkmək olar. Onlar arasında heç rəqabət də formalaşmayıb. Ona görə də real qiymət vermək çətindir. Hələ ki internet televiziyalarını qiymətləndirmək tezdir".