Soçi olimpiya oyunlarından sonra Qarabağ müharibəsi başlana bilər

6 Aprel 2013 08:36 (UTC+04:00)

Danışıqlar yolu ilə həlli getdikcə dalana dirənən Dağlıq Qarabağ konfliktinin hərbi müstəvidə çözülməsi ehtimalı getdikcə daha aktiv şəkildə müzakirə olunmaqdadır. Lakin müharibənin nə vaxt başlanacağı barədə dəqiq proqnoz vermək hələ ki, mümkün deyil. Bununla belə yaxın bir-iki il ərzində qeyd olunan istiqamətdə ciddi proseslərin cərəyan edəcəyi gözlənir.

Məsələni şərh edən rusiyalı politoloq Aleksandr Perenciyev bildirir ki, Azərbaycan və Ermənistan arasında müharibə qaçılmazdır: "Beynəlxalq institutlar, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən regionda sülh prosesinə təsirin zəiflədiyi hiss olunur. Digər tərəfdən ərazisi işğal altında olan və bununla barışmaq istəməyən Azərbaycan mütəmadi olaraq hərbi potensialını artırır. Əslində, Azərbaycanın işğal edilmiş ərazilərini güc yolu ilə qaytarması tamamilə məntiqlidir. Bakını səbri artıq tamamilə tükənib". Ekspert qeyd edir ki, Qarabağ müharibəsinin Soçi olimpiya oyunlarından sonra başlama ehtimalı yüksəkdir. Sözügedən olimpiya oyunları isə gələn il keçriləcək.

Rusiya İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-ekspert Vladimir Yevseyev də bildirir ki, 2013-cü il ərzində konfliktin düyünü açılmasa, müharibə qaçılmaz olacaq: "İnanmıram ki, Azərbaycan və Ermənistan arasında müharibə yalnız Dağlıq Qarabağ ərazisində getsin. Bu müharibə bütün Azərbaycan-Ermənistan sərhədi boyunca gedəcək. Rusiya isə Ermənistanın ərazi bütövlüyünün təhlükəsizliyinə cavabdehdir. Əgər müharibə Dağlıq Qarabağdan ətrafa sıçrasa, Rusiya mütləq müharibəyə qoşulmalıdır. Lakin bu zaman Türkiyə də Azərbaycan tərəfdən müharibəyə qoşulacaq. Rusiya Türkiyə faktorunu çox gözəl bilir və başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın vasitəçilikdən başqa alternativi yoxdur. Ona görə də, Rusiya konfliktin tənzimlənməsində vasitəçilik missiyasını davam etdirəcək".

Məsələ iəl bağlı ABŞ-ın nüfuzlu "Waşinqton Times" qəzeti yazır: "Barak Obama İsrailə səfər edir ki, İsrail-Fələstin münaqişəsində bir irəliləyişə nail olsun, ancaq dünyanın başqa bir münaqişəsi də var ki, hər an qaynaya bilər. Bu, Qarabağ münaqişəsidir". Qəzet yazır ki, münaqişənin adı çətin tələffüz olunduğuna görə, Dağlıq Qarabağ həddən artıq qəliz etnik münaqişə sinoniminə çevrilib. Ancaq qəzetin fikrincə, münqişənin həllinə yaxından cəlb olunmuş ABŞ-ın əlini yuyub-qırağa çəkilməyinin yalnız bir yolu qalır: münaqişəni həll etmək. Qəzet xatırladır ki, keçən ay ABŞ Dövlət katibi Con Kerri də Ermənistan prezidenti Serj Sarkisiyana yazırdı ki, "münaqişədə status-kvo ilə, yəni vəziyyətin belə qalmağı ilə ABŞ razılaşa bilməz.

Qarabağ münqişəsinin həlli isə həddən artıq dərəcədə ABŞ-ın milli marağındadır: "Hər an qaynaya bilən münaqişə onsuz da qeyri-müəyyən olan regionun sabitliyini poza bilər. Bu region isə ABŞ-ın konfrontasiyada olduğu İranın şimalındadır, Türkiyədəki NATO sərhədlərinə yaxındır. Xəzər dənizindən Avropaya dünyanın ən mühüm enerji arteriyalarından biri burdan keçir. ABŞ diplomatları burda kəmərlər və nəqliyyat dəhlizinin yaradılmasına on illərlə əmək sərf ediblər. Qarabağ münaqişəsinin alovlanması ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını da poza bilər". Qəzet daha sonra yazır ki, ABŞ, Fransa, Rusiya Minsk qrupunda həmsədrlərdir. Qəzetin fikrincə, Rusiya prezidentinin hiyləli vasitəçilik fəallığına imkan verməkdənsə, nəticə əldə etmək üçün ABŞ dövlət katyibinin özü münaqişənin həllinə daha çox cəlb olunmalıdır.

Rusiyalı politoloq, beynəlxalq siyasət üzrə ekspert, Qloballaşma və sosial hərəkat İnstitutu Beynəlxalq Siyasi Analizi Mərkəzinin rəhbəri Mixail Neyjmakov isə qeyd edir ki, Bakı və İrəvanın iştirakı ilə hərbi qarşıdurma Rusiya ilə Azərbaycanın münasibətlərini poza bilər: "Türkiyə ilə də əlaqələrin pisləşməsi ehtimalı böyükdür. Ermənistanın Rusiyadan olan dəstəyi yetərsiz hesab etməsi yekunda İrəvanın ABŞ-a meyl etməsi ilə nəticələnəcək. Ona görə də, Rusiya maksimal dərəcədə səy göstərəcək ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilməsin. Ermənistan isə təkcə Azərbaycanla deyil, həm də İranla həmsərhəddir. Qərbin İranla mümkün müharibə ehtimalı da nəzərə alınmalıdır və Qarabağ münaqişəsinə birbaşa təsir göstərə bilər".