Geni dəyişdirilmiş meyvələrin pasportu gizlədilir?

5 Aprel 2013 08:39 (UTC+04:00)

Azərbaycana bilindiyi kimi, xaricdən çoxsaylı çeşiddə meyvə və tərəvəzlər də gətirilir. Hazırkı dövrdə bazarda yerli meyvə və tərəvəz məhsullarından daha çox, xaricdən gətirilən məhsullar üstünlük təşkil edir. Halbuki, xaricdən idxal olunan bu məhsullar əsasən geni dəyişdirilmiş meyvə və tərəvəzlərdən ibarətdir. Geni dəyişdirilmiş məhsullara gəldikdə ölkəmizdə bu tip meyvələrin insan orqanizmi üçün zərərli olduğu fikri formalaşıb.

Lakin bu fikirlər kənd təsərrüfatı ekspertlərinin əksəriyyəti razı deyil. Maraqlısı odur ki, xarici ölkələrin çoxunda geni dəyişdirilən meyvə və tərəvəzlər barədə pasportlar da olur. Alıcı onun vasitəsilə geni dəyişdirilmiş meyvənin hansı keyfiyyət və xüsusiyyətlərə malik olduğu barədə məlumat alır. Amma nədənsə Azərbaycana gətirilən geni modifikasiya olunmuş meyvə və tərəvəzlərin üzərində belə pasportlar yoxdur. Halbuki, onun olması insanları mal alarkən daha doğru seçim etməyə meylləndirər. Belə pasportların yoxluğu ya bunun olmadığını, ya da gizlədildyini ehtimal etməyə əsas verir. Görəsən, ölkəmizdə də geni dəyişdirilmiş meyvələr parametrləri əks olunan pasportların olmasına ehtiyac varmı?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov buna ehtiyac görmür: "Geni dəyişdirilmiş meyvə və tərəvəz üçün pasportların olmasına ehtiyac yoxdur. Amerikanın özündə geni dəyişdirilmiş meyvələr azad şəkildə satılır. Bunun üçün pasportun oması orada vacib deyil. Bu barədə hər hansı bir məlumat da verilmir. Alıcı asanlıqla həm geni dəyişdirilmiş, həm də adi meyvəni əldə edir. Amma bəzi Avropa ölkələrində qanunla tələb qoyulur ki, geni modifikasiya olunmuş məhsulun üzərində bu barədə məlumat verən pasport olsun. Əslində dəfələrlə demişik ki, ənənəvi əkinçiliklə alınan məhsulların tərkibində insan orqanizmi üçün zərərli olan maddələr daha çoxdur, nəinki genetik modifikasiya yolu ilə əldə olunan məhsullarda. Baxmayaraq ki, Azərbaycanda həmin geni dəyişdirilmiş məhsullarla bağlı qanun qəbul olunub. Amma İsrail, Amerika, Yaponiya və bir sıra digər ölkələrdə genetik modifikasiya olunmuş müxtəlif heyvan hissələrindən alınan məhsul demək olar ki, azad şəkildə satılır. Həmçinin bu tip məhsulların istehsalı da durmadan artır. Bu gün dünya ölkələrində hardasa 1 milyard hektara yaxın sahədə genetik modifikasiya edilmiş bitkilər istehsal edir. Bu proses həm də daim artır. Genetik modifikasiya edilmiş məhsullarda məhsuldarlıq da yüksək olur. Adi meyvəyə nisbətən genetik modifikasiya edilmiş meyvənin məhsuldarlığı təxminən 5 dəfəyə qədər artıqdır. Ona görə də geni dəyişdirilmiş xaricdən gətirilən məhsullar üçün pasportların olmasına heç bir ehtiyacın olduğunu düşünmürəm. Sadəcə, bütün kənd təsərrüfatı məhsulları, ərzağın sertifikatı olmalıdır".

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev də qeyd etdi ki, geni dəyişdirilmiş idxal məhsullarına pasportlar tətbiq olunmamalıdır. O həmçinin onu da qeyd etdi ki, bir müddətdən sonra genləşdirilmiş məhsullar ümumiyyətlə sərhəddən buraxılmayacaq: "Sərhəd keçid məntəqələrində, gömrük orqanlarında laboratoriya quraşdırılacaq. Bu zaman gətirilən məhsullar içərisində geni dəyişdirilmiş müəyyənləşsə, onlar ölkəyə buraxılmayacaq. Belə olan halda onların pasportlarının olmasına da ehtiyac görmürəm. Geni dəyişdirilmiş məhsullar insan orqanizminə müəyyən fəsadlar törədə bilər. Ölkədə "Ekoloji təmiz məhsul haqqında" qanun var. Burada göstərilir ki, geni dəyişdirilmiş məhsulların gətirilməsi qadağandır. Ona görə də bu istiqamətdə ayrı-ayrı orqanlara tapşırılıb. Bu istiqamətdə analiz aparmaq üçün Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşma, Meterologiya və Patent üzrə Komitənin laboratoriyaları var. Onlar məhsulun parametrlərini müəyyən edə bilərlər. Amma ən əsası odur ki, geni modifikasiya olunmuş məhsullar sərhəddən buraxılmasın. Bunun üçün də sərhəd-keçid məntəqələrində laboratoriyalar quraşdırılacaq".