Həkim olmaq istəyənlər üçün yeni xəbər

8 Aprel 2013 13:18 (UTC+04:00)

Azərbaycan Səhiyyə Nazirliyi yaxın günlərdə dövlət səhiyyə müəssisələrinə işə qəbul məqsədilə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanda iştirak etmək istəyən həkimlər üçün yenidən sənəd qəbuluna başlamağı nəzərdə tutur.


Bunu bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.


Onun sözlərinə görə, sənəd qəbulu dövlət səhiyyə müəssisələrindəki 2000-ə yaxın vakant yer üzrə aparılacaq. Hazırda isə həkimlərin işə qəbulu üçün keçirilmiş ilk imtahanda uğur qazanaraq növbəti mərhələyə buraxılan namizədlər üçün müsahibə keçirilir. İlk imtahanda iştirak etmiş 110 namizədin 80-i uğur qazanaraq növbəti mərhələyə buraxılıb. Müsahibə aprelin 4-dən başlayıb və aprelin 11-dək davam edəcək. İmtahanda iştirak etmiş həkimlər 27 ixtisas üzrə 100 vakansiya uğrunda mübarizə aparıblar.


Qədirli deyib ki, müsabiqə iki mərhələdə keçirilir. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab veriblər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.


Qeyd edək ki, ilk işə qəbul imtahanı martın 28-də, ikinci imtahan isə aprelin 2-də keçirilib