Avtobuslarda vərəm təhlükəsi

8 Aprel 2013 14:20 (UTC+04:00)

Paytaxtda şəhərdaxili sərnişindaşımada istifadə edilən avtobusların salonlarında gigiyenik durum acınacaqlıdır. Hər gün planı ödəmək üçün səhər saaat 06:00 radələrindən xəttə çıxıb axşam saat 12:00-da qaraja aparılan avtobusları yuyub-təmizləmək demək olar ki, nə marşrut sahiblərinin, nə də ki, avtobusu idarə edən sürücülərin yadına düşür.  Avtobuslarda  dizenfeksiya  tədbirləri aparılmadığından, avtobusun salonlarında əl tutmaq üçün qoyulmuş tutacaqlardan tutmuş, oturacaqlara qədər antisanitariya vəziyyətindədir. Fəslin dəyişməsinə, havaların istiləşməsinə baxmayaraq, hələ də qışdan qalan palçıq avtobuslardan təmizlənməyib. Sərnişinlər avtobuslarda tutacaqların çirk içərisində olduğunu, hətta ayaq üstündə gedən sərnişinlərin belə müvazinətini itirməmək üçün tutacaqlardan tutmağa iyrəndiyini söyləyirlər.

Onların sözlərinə görə, tutacaqlara salınmış müxtəlif reklam xarakterli plasmast ağ qabların isə çirkdən rəngi bilinmir. Mövqe az-in əməkdaşı şəhərdaxili 6, 2, 133 nömrəli  avtobusların  sürücüləri ilə apardığı söhbət əsnasında məlum olub  ki, onlar avtobusları imkan olduqca özləri təmizləyirlər: "Biz də insanıq, bütün günü işləyirik, hələ üstəlik avtobus da təmizləyirk. Halbuki, biz bundan ötrü  hər gün qaraja  3 manat pul ödəyirik. Bu pulun da plana aidiyyatı yoxdur, öz cibimizdən ödəyirik.  Kənar yerlərdə yuduzdurmağa icazə vermirlər. Qarajlarda  avtoyuma məntəqələri yaradılıb və buradan xəttə çıxan avtobuslar avtoyuma məntəqələrində yuyulub, dezinfeksiya olunub  səhər bizə təhvil verilməlidi. Amma  yalnız üstünə bir az su vurub xəttə buraxırlar".

Yaranmış vəziyyətdən hər gün sərnişin avtobuslarından istifadə edən sərnişinlər də təngə gəlib. Sərnişin Sevil İsayevanın sözlərinə görə avtobusların əl tutacaqları çox bərbad haldadır. "Ölkəyə yeni gətirilən avtobuslara guya hələ nəzarət olunur, hanı bəs, niyə görünmür? Körpə uşaqlar minir avtobusa, əllərini hara gəldi sürtürlər, uşaqdır da necə başa salasan axı? Xəstəliyin elə birinci mənbəyi bax bu avtobuslardan başlayır, bir əncam çəkmək lazımdır". 


Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirir ki,  avtobuslarda təmizliyə riayət olunması gigiyenik baxımdan vacibdir: "Harada antisanitariya varsa, orada yoluxucu xəstəlik var. Əsasən də vərəm virusları, havadamcı yolu ilə yayılan infeksiyalarla yoluxma riski böyükdür. Belə natəmizlik istənilən yolxucu xəstəliyin mənbəyi ola bilər. Buna görə də ictimai nəqliyyat vasitələri istər, avtobuslarda, istərsə də, metrolarda əl tutacaqları  təmizlənməli, ən azı iki gündən bir, əl tutacaqları, oturacaqlar dezinfeksiya olunmalıdır". 


Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, imkan olduğu qədər avtobuslar hər  gün yuyulub təmizlənir, salonlarında dezinfeksiya tədbirləri aparılır: "Ümumiyyətlə ictimai nəqliyyat  vasitələri qaydalara görə, həftədə iki və ya üç dəfə dezinfeksiya edilməlidir. Bizim tərəfdən də , ən azı həftədə bir dəfə, xüsusi spirtli mayelər ilə dezinfeksiya edilir. Amma özəl sektordakı avtobuslar şirkət tərəfindən hər gün təmizlənir, dezinfeksiya edilir. Bu məsələ ilə Nəqliyyat Nazirliyinin  əməkdaşları məşğul olur. Ola bilsin ki, bəzi  avtobus sürücüləri və ya sahibkarlar bu məsələyə laqeyd yanaşırlar. Amma, artıq bizim tərəfdən,   havaların istiləşməsini, virusların artmasını nəzərə alaraq sahibkarlara xəbərdarlıq edilib ki, bütün xəttə buraxılan avtobuslarda  hər gün dezinfeksiya tədbirləri aparsınlar".