“İki qrantyeyənin başı bir qazanda qaynamaz”

17 May 2018 09:00 (UTC+04:00)

Müxalifətin iki qanadı arasında yeni qarşıdurma yaşanır. Budəfəki qalmaqalın mərkəzində xaricdə Azərbaycan əleyhinə aparılan kampaniyaların əsas fiqurlarından olan Emin Milli, digər cinahda isə radikal Əli Kərimli və dəstəsi dayanır. Sosial şəbəkələrdə bir-birilərinə qənim kəsilən, qarşılıqlı tənqidlər yağdıran radikalların davasına Emin Millinin separatçı çıxışı səbəb olub. Belə ki, mayın 9-da Amerika Konqresinin Helsinki Komissiyasının keçirdiyi brifinqdə özünü “Meydan TV”-nin rəhbəri kimi təqdim edən Emin Milli Əli Kərimlinin partiyasını hədəf alaraq AXCP-nin marginallaşdığını, cəbhəçilərin heç bir işə yaramayan faydasız varlıqlar olduğunu deyib, müsavatçıları və realçıları da onların “gözünə” qatıb.

Eminin sərgilədiyi mövqe guya çox yüksək səviyyədədir ki, hələ bir digərlərini tənqid də edir. “Bizim” müxalifət bütün kontekslərdə eyni səviyyədədirlər, yəni bir-birlərinə babdırlar. Amma təəccüblü gələn odur ki, indi bunlar nəyin davasını edirlər. Bu məsələdə ilk ağla gələn fikir klassik və müasirlik sözləri ilə ifadə olunur. Köhnələrlə müasirlərin davası. Ancaq bunların arasında bir fərq varmı? Axı, onların hər ikisi  yalnız və yalnız qrant davası edir. Bunun üçünsə bir yol var: gözünü yumub ağzını açasan. “Azadlıq”, “insan hüququ”, “mitinq keçirmək sərbəstliyi”, “siyasi məhbus” kimi bir neçə ifadəni aramsız olaraq qışqırıb qrant layihəsi yazmaq və ələ vəsait keçirməklə, dövlətin əleyhinə olan qüvvələrlə əməkdaşlıq edib onları dəstəkləmək yolu ilə müxalifət olmaq mümkün deyil. Bu, ancaq qrant davasının taktikasıdır. 
İndi bu Emin Milli ki var ha.., o istəyir yeni müxalifət adı ilə qrant davasının yeganə qalibi olsun. İştah böyük olduğu kimi pul davasına qoşulanların sayı da çoxdur. Bunların içərisində baş çıxarmaq “hünər” istəyir. Eminin əli ABŞ-ın ətəyinə çatdığından bu yaxınlarda erməni lobbisinin Konqresdə təşkil etdiyi dinləmələrə qatıla bilib və bununla bir baş yüksək olduğunu düşünüb və  “Meydan TV” adlandırdığı internet medianın meydanına atılaraq çəngə çıxıb. Həmkarlarını “ağ yuyub, qara sərib”. Nəticədə ara qarışıb, məzhəb itib. Ortada çoxlarının adı hallanıb. Məsələn, deputat olduğu illərin həsrətini çəkən Cəmil Həsənlinin, vaxtilə qaranta qrant deməyən Əli Kərimlinin, Arif Hacılının və digərlərinin... Ötən il mükafat adı ilə 200 minlik qranta ustalıqla şəriksiz sahib olan Xədicə İsmayıl da “xaç anası” statusu ilə ortaya çıxıb böyüklük eləməyi tərəflərə lap od vurub. Çünki, yaxşı bilirlər ki, onu danışdıran bunların əlindən çıxan həmin o 200 mindir. 
Okeanın o tayındasa Eminə nə dəyiblər, nə deməyiblər, məlum deyil, amma nə təhər ürəklənibsə, Cəmil Həsənlini canlı yayıma, yəni xalça üzərinə çağırıb. Daha yaş, çəki dərəcəsi-filan yadaq düşməyib. Ona görə ki, haqq-hesab olan yerdə bütün digər meyarlar arxa plana keçir. Di gəl ki, C.Həsənli tet-a-tet söhbətdən yayınıb. Bundan başqa E.Milli Avropada özünə sığınacaq düzəltməyi bacaran Orduxan adlı “müxalifətçi”ni Azərbaycanda fəaliyyət göstərən müxalifətçilərə nümunə göstərərək deyir ki, Orduxanın internetdə yerləşdirdiyi videolara minlərlə adam baxır, bütövlükdə Bakıda cəmləşmiş müxalifətçiləri isə saya salan yoxdur. Bakı müxalifətçiləri də Emin “Milli” (əslində Avropalı) başda olmaqla xaricdə yurd salmış müxalifətçiləri atəşə tutur. İkisi də qarşılıqlı surətdə söyüş və tənqidlərdən gen-bol istifadə edir. Amma heç birisini qınamalı deyil, axı, söhbət iri məbləğlərdən gedir. 
Beləcə, dava davam edir. Kim qazanacaq, məlum deyil. Məlum olan odur ki, bu cür qazanc əslində uduzmaqdır-vətəni, milləti, mənəviyyatı uduzub xarici qüvvələrə satılmaqdır. Nə vaxta qədər alınıb satılacaqlar, özləri bilərlər, ancaq satılanlardan nə milli çıxar, nə də müxalifət.
N.NOVRUZ