Yeniyetmə qızlar arasında narkomanların sayı artır
8 Aprel 2013 15:57 (UTC+04:00)
"Azərbaycanda narkotik istifadəçisi olan qadınların sayı rəsmi
statistikada 600 nəfər göstərilsə də, reallıqda bu rəqəm bir neçə
dəfə çoxdur. Ən təhlükəli məqam isə narkotik istifadəçisinə
çevrilən qadınların arasında yeniyetmə qızların sayının artmasıdır.
Bu gün yüngül həyat tərzi keçirən qadınların çoxu narkomaniyaya
düçar olur".
Bu sözləri Movqe.az-a açıqlamasında Narkotiklərə dair Milli
Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev söyləyib. M.
Əfəndiyevin sözlərinə görə, bəzən yeniyetmə qızlar əhatə
dairələrinin təsirinə düşərək narkotik aludəçisinə çevrilirlər:
"Yeniyetmə qızlar kafe, barlarda əsasən narkomaniyaya qurşanırlar.
Bar və bu kimi əyləncə məkanlarında yeniyetmə qızlar əvvəlcə
siqaret, daha sonra alkoqollu içki qəbul etməyə başlayırlar.
Yeniyetmə qızlar cinsi əlaqə zamanı isə narkotikanın müxtəlif
növlərindən sayılan həblərdən istifadə edirlər. Bu həblərdən
istifadə etdikcə, onlarda narkotikaya asılılıq yaranır. Beləcə
yeniyetmə qızlar arasında narkomanların sayı günü-gündən
artır".
M. Əfəndiyev Azərbaycandan xaricə iş adı ilə aldadılıb aparılan
insan alveri qurbanları arasında da narkomanların olduğunu
söyləyir. Onun sözlərinə görə, ölkə daxilində də yüngül həyat tərzi
keçirən qadınlar da əks cins tərəfindən cinsi əlaqə zamanı narkotik
maddələr qəbul etməyə təhrik edilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin
məlumatına əsasən, 2012-ci il ərzində 1878 nəfər narkotik
istifadəçisi qeydə alınıb. Bu barədə Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının "Narkotiklərə nəzarət sahəsində 2012-ci il üçün ölkə
məruzəsi" adlı hesabatında qeyd edilir. Sənədə əsasən, bununla da
ölkədə rəsmi olaraq narkotik istifadəçisi olan xəstələrin sayı 27
910 nəfərə çatıb. Onlardan 21 999 nəfəri dispanser, 5 991-i
profilaktik, 567-i anonim qeydiyyatda olanlardır. Narkotik
istifadəçilərindən 4 nəfəri 18 yaşa qədər, 528-i qadın, 362-i
dispanser, 166-ı profilaktik, 134 nəfəri isə toksikomanlar olub.
Qeydiyyatdan çıxanların ümumi sayı 430 (3,1%) (236 dispanser, 194
profilaktik) nəfərdir.