"Gülər Əhmədovanın dilindən elə bir söz çıxmayıb"
8 Aprel 2013 17:15 (UTC+04:00)
"Mən də o məhkəmədə iştirak etmişəm. Gülər Əhmədovanın Elşad
Abdullayevdən 1 milyon dollar aldığını təsdiqləməsi barədə
deyilənlər cəfəngiyyatdır. Məhkəmədə Gülər Əhmədovanın dilindən elə
bir söz çıxmayıb".
Bu sözləri Movqe.az-a açıqlamasında sabiq millət vəkili Gülər
Əhmədovanın nümayəndəsi, hüquqşunas Zülfiyyə Bayramova
söyləyib. Z. Bayramova bildirib ki, Gülər Əhmədova bu sözü heç bir
halda söyləyə bilməz, çünki, Elşad Abdullayevdən nəinki 1 milyon,
heç bir qəpik də almayıb: "Gülər Əhmədova almadığı pulu necə
qaytaracağına vəd verə bilər ki? Axı niyə Elşada 1 milyon
qaytarmalıdır ki? Bir halda ki, Elşad Abdullayevdən 1 qəpik belə
almayıb. O məhkəmədə mən də iştirak etmişəm. Əgər elə bir etiraf
olsaydı yəqin ki, ondan mən də xəbər tutardım. Ağ yalandır".
Qeyd edək ki, məlumatlara görə, sabiq deputat barədə 3 ay müddətinə
həbs-qətimkan tədbirinin seçildiyi Səbayel Rayon Məhkəməsində
heyrətamiz olayların yaşanıb. Məlumata görə, fevralın 13-də
keçirilən proses zamanı G.Əhmədova azadlıqda qalmaq üçün öz son
şansından da istifadə etmək istəyib. O, prosesə sədrlik edən hakim
Elnur Həsənova deyib ki, Elşad Abdullayevdən 1 milyon dollar alıb
və onu qaytaracaq. Sabiq deputat bu etirafdan sonra məhkəmədən onun
barəsində həbs tədbiri seçməməyi xahiş edib. Məlumatda o da
bildirilir ki, sabiq deputat həbs olunmazdan əvvəl prokurorluqda və
istintaqda da E.Abdullayevdən 1 milyon dollar aldığını etiraf
edib.
G. Əhmədovanın nümayəndəsi isə bu məlumatların yalan olduğunu
deyir.