ADAU-da “İrəvansız 100 il” adlı müzakirə keçirilib

23 May 2018 16:39 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “İrəvansız 100 il” adlı ictimai müzakirə xarakterli tədbir keçirilib.

 Tədbir Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyi ilə birgə təşkil olunub.  Universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov indiki Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi torpaqlarından, o cümlədən İrəvan şəhərinin ermənilərə verilməsindən danışıb. Rektor qeyd edib ki, bu torpaqların Azərbaycan xalqına məxsus olması ölkə başçısı İlham Əliyev tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan edilib. Cənab Prezidentin: “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər, tarixi kitablar yazılır,  arxivlər qaldırılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir” deməsi bu məsələnin aktuallığın bir daha təsdiq edir.

Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin sədri Zaur Qəriboğlu çıxış edərək tədbirin təşkilində göstərilən köməyə görə təşəkkürünü bildirib. O, deyib ki, birlik Azərbaycan Respublikasinin Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət  Dəstəyi Şurasının 2018-ci il üçün elan etdiyi 1 qrant müsabiqəsində “İrəvansız 100 il mövzusunda tədbirlərin təşkili sosial şəbəkələrdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə iştirak edərək qalib gəlib. Qeyd olunub ki, 2018-ci ildə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə cümhuriyyət ili elan olunub. Bu il həm də tarixi Azərbaycan şəhəri olan İrəvanın ermənilərə güzəştə gedilməsinin 100 ili tamam olur.  Müzakirənin ADAU-da təşkili həm də o məqsəd daşıyır ki, universitetin inzibati binası Azərbaycan Xalq Cümhuriyyətinin Höküməti və Milli Şurası 3 ay müddətinə məhz burada fəaliyyət göstərib.

Tədbirdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Raddə Abbas, universitetin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Azər Axundov, müəllim Səbinə  Əlizadə tarixli faktları nəzərə çatdırıb Azərbaycanın əzəli torpaqlarında Ermənistan adlı bir dövlətin yaradılmasını, İrəvanın güzəştə gedilməsini  xalqımızın faciəli səhifələrdən biri olduğunu qeyd ediblər.

Əlihüseyn Şükürov.