Moskva İrəvanı cəzalandırır

25 May 2018 09:50 (UTC+04:00)

Ermənistanın yeni hakimiyyəti Rusiyaya verdiyi vədlərə baxmayaraq, Qərblə yaxanlaşmağa davam edir. Elə ABŞ və Avropa da bu prosesdə maraqlı görünür. Siyasilərin fikrincə, belə vəziyyətdə Moskva İrəvanı hansısa formada cəzalandıra bilər. Ancaq hələ Rusiya buna tələsmir. 

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki,  Ermənistanda inqilabla hakimiyyətə gələn Nikol Paşinyana Qərbin dəstək verməyi təbiidir: “Çünki, Qərb dairələri çalışır ki, Ermənistanı Rusiyadan kənarlaşdırsın. Serj Sarkisyandan fərqli olaraq, N.Paşinyanın siyasətində Rusiyaya bağlılıq bir o qədər yoxdur. Parlamentdə də N.Paşinyan Rusiya əleyhinə fikirlər səsləndirirdi. 
Düzdür, verdiyi rəsmi açıqlamalarda Rusiya ilə normal və olduğu kimi əlaqlərin davam edəcəyini qeyd edir. Amma Ermənistanda  aparacağı islahatlar Rusiyanın əleyhinə olacaq. Həm Qərb, həm də Rusiya ilə əlaqələri yumşaq   səviyyədə saxlamaq mümkün olmayacaq. ABŞ Ermənistana islahatlar üçün 140 milyon dollar maliyyə ayıracaq. Bu yardım anti-Rusiyaya kampaniyası üçündür. Lakin N.Paşinyan qərbpərəst siyasətini davam etdirsə, Rusiya onu cəzalandırcaq. Bir neçə aydan sonra N. Paşinyanın onun hansı istiqamətdə islahatlar aparacağı tam aydın olacaq. Bundan sonra Ermənistanda siyasi vəziyyətin qarışacağı, Qərblə Rusiyanın maraqlarının toqquşacağı gözlənilir. Hesab edirəm ki, yeni hakimiyyət dilemma qarşısındadır. Çox çətin siyasi proseslər gözlənilir. Ermənistan kimi ölkələrdə demokratiyanın bərpası mümkün deyil. Ermənistanda siyasi nümayişlər, etirazlar yenidən baş qaldıracaq. N.Paşinyanın siyasi iflasa uğrayacağı gözlənilir. Rusiya hələ gözləmə mövqeyindədir”.
Digər politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistan çıxış yolu axtarır: “Rusiya da bunu yaxşı başa düşür.  Rusiyanın Ermənistandan uzaqlaşması qətiyyən sərfəli deyil və onun strateji maraqlarına böyük zərbə olar. Ona görə də Rusiya Ermənistanla son dərəcədə ehtiyatla davranmağa çalışacaq. Ermənistanı cəzalandırmaq ən son variantdır. 
Bundan əvvəl Serj Sarkisyan Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa hazırlaşanda Rusiya ona bildirdi ki, Azərbaycanın hücumları qarşısında heç bir zəmanət verilməyəcək. Yüngülləşdirilmiş sazişə isə ona görə icazə verildi ki, Avropa ilə təhlükəsizlik məsələsində yaxınlıq etməsinlər. Belə bir vəziyyətdə Rusiya Ermənistanı tənbeh etməyə hələ tələsməyəcək. Vədlər verilib. Lakin Ermənistanın vəziyyəti o qədər də çətindir ki, tez bir zamanda dönüş yaratmaq istəyir. Rusiya da bunların hamısını anlayır. Yeni silah-sursatın Ermənistandakı bazaya keçirilməsi Rusiya üçün daha vacibdir. Odur ki, Rusiya son dərəcədə təmkinli mövqe sərgiləyəcək. Yox, əgər Ermənistanda anidən 180 dərəcə dönüş edərsə, Rusiyadan sərt təpkiləri görəcək”. 
Mübariz BAYRAMOV